Peşəkar aktyor yaradıcılığını filmlərə uğur gətirən əsas amil adlandırırlar. Gündüz Abbasov da milli kinomuza uğur qazandıran sənətkarlardan idi. O, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 20-dək filmdə çəkilib. Oynadığı rollar arasında əsas və epizod olanları da var. Amma, biz o personajların hər birinin xarakterik cəhətlərini xırda elementlərinə qədər izləyib, sevmişik. Bu sevgini isə o, istedadını təsdiqləyən rolları ilə qazanmışdı.
   
   Sevimli aktyorun kinoda debütü 1942-ci ildə “Sovet pəhləvanı” filmində olub. Bundan sonra o, görkəmli kinorejissor Əjdər İbrahimovun 1958-ci ildə ekranlaşdırdığı “Onun böyük ürəyi” bədii filmində ikinci planlı Rəcəb roluna çəkilib. Xarakterik simasına, xarici görünüşünə görə kino həvəskarlarının diqqətini çəkən istedadlı gənc üçün Rəcəb obrazı gələcək aktyorluq karyerasında geniş üfüqlər açır. Aktyor 1960-1970-ci illərdə çəkildiyi filmlərdə əsasən irihəcmli rollar ifa edib. “Bir qalanın sirri” filmində Elşən, “Bizim küçə”də Rasim, “Dədə Qorqud”da Bəybura, “İşarəni dənizdən gözləyin”də Şair və başqa yaddaqalan obrazlar yaradıb. Müxtəlif zamanların qəhrəmanları olan bu personajlar fərqli xarakter sahibləridirlər. Müasiri olduğu dövrlərin hadisələrini təhlil edib tamaşaçıya çatdırmaq, onları prototiplərin sosial durumlarına inandırıb yekun rəy yaratmaq isə aktyor peşəkarlığına bağlıdır. Gündüz Abbasovu tamaşaçıya sevdirən ilk cəhəti yaraşıqlı xarici görkəmi idisə, ifasına baxımlılıq gətirən, obrazların reallığını qəbul etdirən isə kinematoqrafik maneralarda əks olunan yüksək intellekti, dünyagörüşü idi. O, yaratdığı obrazların hər birinə sözün əsl mənasında həyat verirdi, onları yaşadırdı. Aktyor öz ifası ilə kinonu (istər nağıl, istərsə də dram qəhrəmanı olsun) əyləncəyə yox, əsl həyat məktəbinə çevirirdi. Onun filmlərdəki görünüşündən, mövqeyindən duyulan ziyalılığı isə ailəsindən gəlirdi.
   
   Milli kinomuzun inkişafına xidmət edən ailə
   
   Gündüz Abbasov 1930-cu il noyabrın 20-də Bakının Dağlı məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Şəmsəddin Abbasov Azərbaycanın mədəni həyatında müstəsna xidmətləri olan tanınmış ziyalılardan biri idi. O, “Bakı” kinostudiyasının direktoru olduğu illərdə (1939-1943), kinostudiyanın işçilərinin böyük əksəriyyətinin qeyri-azərbaycanlılardan ibarət olduğu bir vaxtda milli kadrların kinoya gəlməsinə və kinostudiyada tarixi-bioqrafik filmlərin çəkilməsinə şərait yaratmışdır. Bu ocağın daimi qonaqları sənət adamları, şair və yazıçılar olardı. Gözünü belə bir aləmdə açan Gündüz də sənətə kiçik yaşlarından meyl göstərib. 1952-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1961-ci ildə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sonralar bir müddət Azərbaycan radiosunun gənclər şöbəsinin redaktoru vəzifəsində işləyib. “Uşaqgəncnəşr” və “Azərnəşr”də fəaliyyət göstərib. Gündüz Abbasov bacarıqlı rəssam kimi müxtəlif peyzaj və portretlərin, eyni zamanda hekayələr toplusu olan üç kitabın müəllifidir. Onun həyat düşüncələri kətan üzərinə köçürdüyü rəsmlərindən, kitablarda səhifələnən həyat hekayələrindən və obrazlarında canlandırdığı rollarından oxunurdu. Kino ilk vaxtlar onun üçün bir həvəs, hobbi olub. Amma, atasının iz qoyduğu, hətta 1934-cü ildə görkəmli ədib Cəfər Cabbarlının çəkəcəyi “Almaz” filminin sınaq çəkilişlərindən uğurla çıxan nənəsinin can atdığı milli kinoya həvəskarcasına yanaşa bilməyib. Məsuliyyətli yaradıcılığına, emosional ifasına görə milli kinomuzun yaddaqalan simasına çevrilib.
   
   Sənətsevər nənə
   
   Azərbaycan kinosunun ilk dramaturqu Cəfər Cabbarlı 1929-cu ildə “Sevil” filmini çəkdikdən sonra “Almaz” pyesinin ssenarisi əsasında eyniadlı filmini çəkməyə hazırlaşırdı. Filmdə ikinci planlı rol olan Yaxşı rolunu C.Cabbarlının qardaşı qızı Mələk xanım oynamalı idi. Lakin, 1934-cü il dekabr ayının 31-də ədibin yaradıcılıq eşqi ilə döyünən qəlbi dayandı. Filmin çəkilişləri yarımçıq qaldı. Mələk xanımın həyat yoldaşı “Cəfər yoxdur” deyib onun “Almaz” filminə çəkilməsinə razı olmur. Mələk xanım kinoya çəkilə bilməsə də, əmisinin ona bağışladığı tarı sinəsinə basaraq musiqi dərsləri almağa başlayır. Sonralar piano və tarda böyük məharətlə ifa etdiyi musiqilərə görə el arasında böyük rəğbət qazanır.
   Mələk xanımın oğlu Şəmsəddin Abbasov isə, bütün yaşadığı mənalı və zəhmətkeş həyatı boyu müxtəlif məsul işlərdə, o cümlədən “Bakı” kinostudiyasının rəhbəri vəzifəsində çalışır. Ömrünü Azərbaycan mədəniyyətinin inkişafına sərf edən Ş.Abbasovun intellekti, zəkası kinomuzun milliləşməsinə, Gündüz Abbasovun istedadı, bacarığı isə kino sənətimizin intibahına xidmət edir.
   Gündüz Abbasovun kino yaradıcılığında 10 il ərzində fasilə yarandı. Buna səbəb isə onun avtomobil qəzasına düşməsi, aldığı ciddi xəsarətlərə görə bir müddət müalicə alması idi. Yaxınlarının dediyinə görə, bu hadisə onun mənəvi dünyasında da bir boşluq yaratmışdı. Bəzi rollarından da göründüyü kimi onda sanki bir tərki-dünyalıq vardı.
   Gənc, qəhrəman obrazlarının mahir ifaçısı kimi görüb sevdiyimiz aktyoru 1975-ci ildən etibarən (“Dədə Qordud”da Bəybura, “İşarəni dənizdən gözləyin”də Şair, ”Babək”də Pərvinin atası, “Doğma sahillər”də Bəndalı, “Yuxu”da Hidayət və s.) saçları ağarmış, bədbin, nurani, yaşlı qoca rollarında görməyə başladıq. Amma ifalar yenə də müdrik və sevimli idi. Rollar nə qədər real və uğurlu olsa da, obrazlara baxdıqda aktyorun yeni görünüşü ilə barışmaq olmurdu. Şaqraq səsi, cüssəli görünüşü, pafoslu ifası ilə Azərbaycan kinosunun dəfələrlə ümumittifaq məkanda belə sevilməsinə səbəb olan aktyorun ağsaçlı, yaşlı rolları illərin o qədər də rəhmli olmadığından xəbər verirdi. Sonradan ekranda yaratdığı obrazlara istinadən demək olar ki, yaradıcılığı müəyyən ampluada idi. Tənha, düşüncəli rolları sanki onun daxili aləminə sirayət etmişdi. Bəlkə də, əksinə, yazıçı, rəssam olaraq dünyanı daha dərindən duyduğundan, kamil xarakterindən irəli gələn səbəblərdən bu rollar onun qismətinə yazılmışdı.
   Kinorejissor Ceyhun Mirzəyev 1986-cı ildə “İşarəni dənizdən gözləyin” filmində Gündüz Abbasova Şair rolunu həvalə etdi. Filmdə göstərilən 1918-1920-ci il hadisələri, iqtisadi-siyasi böhrandan əziyyət çəkən insanların dramı şairin sosial durumundan, şeirlərindən, düşüncələrindən oxunur. Filmin dramaturji yükünü məhz şair obrazı daşıyır desək, yanılmarıq. Prototipin monoloqları insanı hər zaman vicdanı ilə qarşı-qarşıya durmağa vadar edir.
   O bütün yaradıcılığında orijinal dəst-xətt nümayiş etdirdi. Sənət nəzəriyyəsini dərin bildiyinə görə filmlərdəki bütün personajları tamaşaçı ilə həmsöhbət olan real obrazlara çevirdi. Dramaturqların ideyalarını məharətlə rollarında əks etdirdi. Bir sözlə o, bədii həqiqəti çox yaxşı görür və göstərirdi.
   90-cı illərin əvvəllərində Azərbaycan kinosunda yaranan boşluq bir çox sənətkarlar kimi Gündüz Abbasovun da mənəvi dünyasına zərbə vurdu. Ömrünü sənətə, yaradıcılığa sərf edən aktyorun kino həyatında fasilə yarandı. Həmişə gərgin iş rejimi olan, çalışqan insan kimi o, fəaliyyətsizliklə barışa bilmədi. 1995-ci il avqust ayının 21-də isə artıq yazıb-yaratmadığı, filmlərdə bir daha nəciblik, ləyaqət, insanpərvərlik kimi xüsusiyyətləri ilə rəng qatıb, gözəlləşdirə bilmədiyi dünyanı tərk etdi. Rəngarəng, bənzərsiz obrazları ilə yaşadığı kinoda isə əbədi qaldı, ürəklərdə, yaddaşlarda yaşadı.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar