E.Qrabar adına Ümumrusiya Rəssamlıq Elmi-Bərpa Mərkəzinin Dəri məmulatlarının və arxeoloji parçaların bərpası şöbəsinin müdiri Natalya Sinitsına Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovanın dəvəti ilə Bakıya gələrək, III-V əsrlər Qafqaz Albaniyası dövrünə aid olduğu güman edilən parça qalıqlarını bərpa edib.
Bərpaçı-rəssamın sözlərinə görə, bu, çox qiymətli tapıntıdır və arxeoloqlar üçün sözügedən dövrdə Azərbaycanda dəfn adətlərinin, mərasimlərin öyrənilməsi nöqteyi-nəzərindən çox vacibdir.
Xatırladaq ki, Şamaxı rayonunun Dəmirçilər kəndi yaxınlığındakı ərazidə tapılan qədim qəbirlərdə aparılan qazıntılar zamanı iki qılınc və metal material aşkar olunub. Həmin metal üzərində yun və keçə olması güman edilən parça qalıqları tapılıb.
Mütəxəssislərin bildirdiyinə görə, bu parça qalıqlarının tədqiqi Azərbaycanda parça növlərinin hazırlanması tarixinin öyrənilməsi, o cümlədən boyaqçılıq sənətinin tarixinin araşdırılması baxımından maraq kəsb edir.