AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 
   BAKI XOREOQRAFİYA AKADEMİYASI
   
   QƏMƏR ALMASZADƏ ADINA II BEYNƏLXALQ RƏQS MÜSABİQƏSİ
   
   Bakı şəhəri 25-27 iyun 2018 
   
   
   1. Ümumi müddəalar
   
   1.1. “Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsi”nin təsisçisi Bakı Xoreoqrafiya Akademiyasıdır. Müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki ildən bir Bakı şəhərində keçirilir. 
   1.2. Müsabiqənin məqsədi: 
   - Milli və klassik rəqs irsinin, habelə yeni yaranan müasir rəqs cərəyanlarının nəsildən-nəslə ötürülməsi və təbliği;
   - yetişməkdə olan gənc istedadların tanınması və bacarıqlarının nümayiş etdirilməsi;
   - rəqs sənəti və ifaçılıq bacarığının inkişaf etdirilməsi;
   - rəqs sənəti sahəsində professional təhsilin səviyyəsinin artırılması;
   - milli balet və xalq rəqsləri məktəbinin respublika və beynəlxalq arenada təbliği. 
   1.3. Müsabiqənin münsiflər heyətinin tərkibi müsabiqənin Təşkilat Komitəsi tərəfindən təsdiq olunur. 
    
   2. Müsabiqənin keçirilməsi qaydaları
   
   2.1. Müsabiqə aşağıdakı üç nominasiya üzrə keçirilir:
   “Klassik rəqs” (solo və duet kateqoriyalarında);
   “Milli rəqs” (solo, duet və ansambl kateqoriyalarında);
   “Müasir rəqs” (solo, duet və kollektiv kateqoriyalarında).
   
   Müsabiqəyə 16-26 yaş aralarında oğlanlar və qızlar qatıla bilərlər. 
   
   Proqram:
   2.1.1. Klassik rəqs (solo və duet kateqoriyalarında) üzrə I turda Solo kateqoriyası üzrə qızlar və oğlanlar üçün iki klassik variasiya. Ümumi ifa müddəti 4-5 dəqiqədən çox olmamlıdır. II turda ifa müddəti 5 dəqiqədən çox olmayan müasir xoreoqrafik ifa. 
   
   Duet kateqoriyası üzrə I turda bir klassik Pas-de-deux. İfa müddəti 9 dəqiqədən çox olmamalıdır. II turda ifa müddəti 5 dəqiqədən çox olmayan müasir xoreoqrafik ifa.
   
   2.1.2. Milli rəqs (solo, duet və ya ansambl kateqoriyalarında) üzrə proqram:
   Solo, duet və ansambl kateqoriyasında I turda bir milli rəqsin ifası. İfa müddəti 5 dəqiqədən çox olmamalıdır. II turda milli xoreoqrafik nümunələrdən azad seçim üzrə ifa. İfa müddəti 5 dəqiqədən artıq olmamalıdır. 
   Ansambl çıxışı zamanı kollektiv 6-16 nəfərdən ibarət olmalıdır. 
   
   2.1.3. Modern rəqs (solo, duet və kollektiv kateqoriyalarında) üzrə proqram:
   Solo, duet və kollektiv ifa kateqoriyasında I və II turlarda modern rəqsin istənilən cərəyanında sərbəst ifa. İfa ümumilikdə 4-6 dəqiqədən çox olmamalıdır. 
   Ansambl çıxışı zamanı kollektiv 4-12 nəfərdən ibarət olmalıdır. 
   
   2.2. İfalar kateqoriya üzrə (solo, duet, ansambl/kollektiv) qiymətləndiriləcək. Solo, duet və ya ansambl çıxışı zamanı ərizə-qeydiyyat formasında müvafiq qeyd aparılmalıdır. Müsabiqəyə təqdim olunan kateqoriya müsabiqənin sonunadək dəyişdirilə bilməz. Bir iştirakçı iki nominasiya üzrə müsabiqədə istirak edə bilər. 
   
   2.3. Müsabiqədə iştirak üçün aşağıda göstərilən sənədləri qeyd olunan ünvana qeyd olunan tarixə kimi təqdim etmək lazımdır:
   - tam doldurulmuş və imzalanmış ərizə - qeydiyyat forması (əlavə ą1);
   - müsabiqə iştirakçısının çıxışlarının proqramı (əlavə ą2);
   - iştirakçının yaradıcılıq xasiyyətnaməsi (müəllim və ya rəhbər tərəfindən imzalanmış);
   - 2 ədəd 13x18 ölçülü fotoşəkil (1 ədəd portret, 1 ədəd rəqs kostyumunda);
   - şəxsiyyəti təsdiq edən sənədin surəti;
   - müsabiqə proqramının DVD formatda (video) demo versiyası. 
   
   2.4. Müsabiqədə iştirak üçün imzalanaraq təqdim olunmuş ərizə-qeydiyyat forması iştirakçının müsabiqə şərtlərini qəbul etdiyinə və razılaşdığına şəhadət edir. 
   
   2.5. Müsabiqədə xarici ölkələrdən, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin şəhər (rayon) mədəniyyət və turizm idarələrində, mədəniyyət evlərində, respublikada fəaliyyət göstərən müxtəlif rəqs kollektivlərinin xoreoqrafiya sənəti üzrə təhsil almış üzvləri müvafiq istiqamətlər, kateqoriya və yaş qrupları üzrə iştirak edə bilər. Xarici ölkə iştirakçıları müsabiqədə iştirak hüququ barədə rəsmi dəvət məktubu aldıqdan sonra pasport və viza məsələlərini özləri həyata keçirir. 
   2.6. Müsabiqədən öncə aprel ayında seçim turu keçiriləcək. Xarici ölkə və Bakı şəhər rayonlarından, habelə respublikanın regionlarından müsabiqəyə qatılacaq şəxslər qeyd olunan sənədlərlə yanaşı, müsabiqədə ifa olunacaq rəqs nömrəsinin video çəkilişini DVD formatda təqdim etməlidirlər. 
   
   2.7. Müsabiqə iştirakçılarının və onları müşayiət edən şəxslərin Bakı şəhərində yaşamaları, qidalanmaları və digər xərcləri iştirakçı və onu müşayiət edən şəxslər tərəfindən ödənilir (Müsabiqənin Təşkilat komitəsi yalnız qonaqların və iştirakçıların hotel və biletlərinin sifarişində köməklik göstərə bilər). 
   
   2.8. Müsabiqənin hər bir iştirakçısı ifasını müşaiyət edəcək musiqi materialını nöqsanların baş verməməsi üçün iki daşıyıcıda: mini disk və flash card-da təqdim etməlidir. 
   
   2.9. Müsabiqədə çıxış üçün vacib olan rekvizitlər iştrakçı tərəfindən təmin olunur.
   
   2.10. Müsabiqənin video çəkilişi Təşkilat komitəsinin xüsusi razılığı əsasında həyata keçirilə bilər. 
   
   3. Müsabiqənin münsiflər heyətinin fəaliyyəti və mükafatlandırma qaydaları
   
   3.1. Müsabiqə iştirakçılarının ifasını professional beynəlxalq münsiflər heyəti qiymətləndirir. 
   3.2. Müsabiqənin münsiflər heyəti və məsul katib bütün turlarda və müzakirələrdə iştirak edirlər. 
   3.3. Hər ifadan sonra münsiflər heyətinin üzvləri qiymət bülletenlərində iştirakçının balı barədə qeydiyyat apardıqdan sonra bülleteni imzalayır. Bülletenler məsul katibə verilir və ballar hesablanır. 
   3.4. Münsiflər heyətinin qərarı ilə I turu müvəffəqiyyətlə keçmiş müsabiqə iştirakçıları II turda iştirak etmək hüququ qazanır.
   3.5. Müsabiqə nəticələrinə əsasən hər kateqoriyaya görə I, II, III dərəcəli laureat və Qrand-prix mükafatları təqdim edilir. Müsabiqədə iştirak edən hər iştirakçı və onların müəllimləri sertifikatlarla təltif olunacaqlar.
   3.6. Müsabiqənin münsiflər heyəti bütün mükafatları təltif etməmək və ya bir mükafatı iki iştirakçıya təqdim etmək hüququna malikdir (Müsabiqənin Qrand-prix-sindən başqa). 
   3.7. Münsiflər heyəti hər hansı iştirakçını “Münsiflər heyətinin xüsusi diplomu” ilə təltif etmək hüququna malikdir. 
   3.8. Münsiflər heyətinin qərarı qətidir, müzakirə oluna və dəyişdirilə bilməz. 
   3.9. Müsabiqə laureatları Heydər Əliyev adına Sarayda keçiriləcək qala konsertdə çıxış etmək hüququna malikdirlər. 
   
   Müsabiqədə iştirak üçün sənədləri 02 aprel 2018-ci il saat 17:00-a kimi Bakı Xoreoqrafiya Akademiyasına təqdim etmək lazımdır. Ünvan: AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov 75. Qeyd olunmuş vaxtdan sonra daxil olan ərizələrə baxılmayacaq. Əlavə məlumat üçün www.bxa.edu.az, info@bxa.edu.az, bxaedu@gmail.com, +994125973426, +994125972379 əlaqə saxlaya bilərsiniz.