Kinematoqrafiya sahəsində fəaliyyət göstərən gənclərin yaradıcılığını stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qısametrajlı bədii film layihələri müsabiqəsi elan olunub.
   Müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil kino şirkətləri iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyən müstəqil fəaliyyət göstərən gənc müəlliflər işlərini kinoprodüser mərkəzlərinə təqdim etməlidirlər. 
   Müsabiqəyə 35 yaşadək olan prodüser və rejissorların kino layihələri qəbul olunur.
   Sənədlər eyni deviz altında olan iki bağlı zərfdə 2018-ci il aprelin 10-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır (Ünvan: AZ1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, 335-ci otaq).
   Birinci zərfdəki sənədlər paketinə aşağıdakılar daxildir:
   - çəkilişi rəqəmli daşıyıcıda nəzərdə tutulan, istənilən növ, janr və formatda olan azbüdcəli qısametrajlı bədii filmin ədəbi ssenarisi;
   - adlar qeyd edilmədən filmin rejissoru və prodüserinin gələcək film haqqında hər biri 1 səhifəlik şərhləri;
   - layihənin təxmini smeta dəyəri;
   - filmin istehsal müddəti haqqında məlumat.
   Üzərində eyni deviz qeyd edildiyi ikinci bağlı zərfin içində müsabiqə iştirakçısı olan kino şirkətinin adı, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, poçt və bank rekvizitləri, həmçinin rejissorun, ssenari müəllifinin, prodüserin adları və əlaqə telefonları qeyd olunmalıdır.
   Sənədlər paketi tam olmadığı halda layihəyə baxılmır.
   Qaliblərin adları 2018-ci il aprelin 20-dək nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq.
   Münsiflər heyətinin seçdiyi qalib layihələr “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında və kinostudiyanın maliyyə təminatı ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında həmin layihələri təqdim etmiş şirkətlər tərəfindən çəkiləcək. 
   Müsabiqədə iştirak etmək istəyən ssenarist və prodüserləri maraqlandıran məsələlərlə əlaqədar dekabrın 19-da saat 11:00-da Nizami Kino Mərkəzində (4-cü mərtəbə, mətbuat zalı) təşkilatçılarla görüş keçiriləcək.