Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının növbəti tamaşası keçiriləcək. Tamaşa Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün 120 illik yubileyinə həsr olunub.
Bülbül milli musiqinin Avropa musiqisi ilə sintezi vasitəsilə Azərbaycanda yeni vokal məktəbi yaradıb. Görkəmli müğənni demək olar ki, bir çox Azərbaycan operalarının qəhrəmanlarının ilk ifaçısı olub. Lakin Üzeyir Hacıbəylinin eyniadlı operasında yaratdığı Koroğlu obrazı onun vokal səhnə sənətinin zirvəsi sayılır.
Böyük sənətkarın xatirəsinə həsr olunmuş tamaşada Koroğlu partiyasını Əməkdar artist Fərid Əliyev ifa edəcək. Nigar rolunda səhnəyə Əməkdar artist İlahə Əfəndiyeva çıxacaq. Tamaşada həmçinin xalq artistləri Əli Əsgərov, Fidan Hacıyeva, Sabir Əliyev, əməkdar artistlər Cahangir Qurbanov, Əkrəm Poladov, Əliəhməd İbrahimov, solistlərdən Taleh Yahyayev, Tural Ağasıyev, Fəhmin Əhmədli çıxış edəcək. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.