Kino tariximizdən
Keçən əsrin 20-ci illərində I Dövlət Kinofabrikində çəkilən filmlər aktual problemlərə toxunsa da, öz bədii səviyyəsinə görə heç bir şeylə fərqlənmirdi. Lakin 20-ci illərin ikinci yarısından sonra müasir mövzuda və klassik ədəbi əsərlər əsasında çəkilmiş “Bismillah”, “Hacı Qara”, “Sevil” bədii filmləri irəliyə doğru addım idi.
Bununla belə, 20-ci illərdə “Azdövlətkino”da (kinostudiyanın adı dəfələrlə dəyişdirilmişdir) qəribə, bir qədər də gözlənilməz hadisələr baş verirdi.
Həmin dövrdə Tiflisdə yaşayan erməni mühəndisi Nikita Arutyunov günlərin birində “Azdövlətkino” Birliyinin rəhbərliyinə məktub göndərir. Məktubda yazırdı ki, Zaqafqaziya dövlət təşkilatlarında “Azdövlətkino”nun nümayəndəliyi yoxdur. Ona görə də bu adam nümayəndəlik vəzifəsini pulsuz-parasız öz üzərinə götürməyə hazırdır.
O vaxtlar bu təşkilatlar Tiflisdə yerləşirdi. “Azdövlətkino” Birliyinin idarə heyəti Arutyunovun kimliyini, onun nə üçün təmənnasız Azərbaycan kino təşkilatına kömək etmək istəyini və məqsədini yoxlamaq əvəzinə nəinki Nikitanın təklifi ilə razılaşır, hətta ona maaş da təyin edir.
1926-cı ildə Gürcüstan Dövlət Kino Sənayesi “Azərbaycan” adlı 7 hissəli kinodram istehsal edir. Filmin ssenari müəllifi və rejissoru İvan Perestiani, operatoru Diqmelyov idi. Həmin filmə Tiflisdə reklam plakatı da hazırlanır və ölkənin hər yerinə, o cümlədən Azərbaycana göndərilir. Plakatda rəqs edən yarıçılpaq qadın təsvir edilmişdi. Qəribə burası idi ki, həmin şəklin altında filmin adı - “Azərbaycan” yazılmışdı. Plakat respublikamıza gələndən sonra Gürcüstana, “Dövlətkinosənaye”nin idarə heyətinə aşağıdakı məzmunda məktub göndərilir. Məktubda yazılmışdı: “ ... Yarıçılpaq marionetin altında sovet respublikası (Azərbaycan) adlı sözlər yazılmışdır. Biz hesab edirik ki, bu plakatı çap edən şəxslər tərəfindən senzurasız tərtib olunmuş kobud aktdır. Reklamın müəlliflərində bu məsələ ilə bağlı nəinki siyasi duyum yoxdur, hətta qonşu respublikaya aid həmin təsvirlərə münasibətdə onlar etika haqqında elementar anlayışa belə malik deyillər. Biz hesab edirik ki, əgər “Azdövlətkino” və ya hər hansı bir təşkilat belə bir məzmunda plakatı “Gürcüstan” başlığı altında buraxsaydı, yəqin ki, Gürcüstan SSR “Dövlətkinosənaye” də qəti etiraz edəcəkdi. Biz sizin çap etdirdiyiniz reklamın (“Dövlətkinosənaye”nin nəşri) ümumi məzmununa qarşı qəti etirazımızı bildiririk və sizin nəzərinizə çatdırırıq ki, Azərbaycana göndərilmiş bütün plakatlar, harada olursa-olsun, bizim tərəfimizdən yığılacaq və ləğv ediləcəkdir.
“Azdövlətkino” İdarə Heyətinin sədri Mahmudbəyov, 8 noyabr 1926-cı il”.
Bu da erməni mühəndisi N.Arutyunovun Azərbaycan kino təşkilatına göstərdiyi “təmənnasız köməyi”.
Bu azmış kimi, həmin il martın 29-da Azərbaycandan Moskvaya, SSRİ “Dövlətkinosənaye” nümayəndəliyinə, Arustanov soyadlı erməni kino işçisinə aşağıdakı məzmunda məktub göndərilir: “Əziz yoldaş, “Azdövlətkino”nun istehsal etdiyi filmlərin RSFSR ərazisində uğurlu prokatı məqsədilə, əvvəlcədən danışdığımıza əlavə olaraq, sizə xahişlə müraciət edirəm. ASSR Xalq Maarif Komissarlığı Moskvada daimi nümayəndəliyini təyin edənə kimi mövcud işlə bağlı bütün məsələləri - prokatın yeri və müddətini, anonsları, reklamları, senzuranı və s. öz üzərinizə götürəsiniz. Görülən işlərə görə “Azdövlətkino” sizə hər ay əldə olunan gəlirdən müəyyən faiz ayıracaq.
Kommunist salamı ilə “Azdövlətkino” İdarə Heyətinin sədri Ş.Mahmudbəyov”.
Bu, həmin o Arustanovdur ki, sonralar kinomuzun rəhbərlərinin dəvətilə Bakıya işləməyə gələcək, adı C.Cabbarlının “Kinofabrikin əcnəbi işçiləri barədə qeydlər”inə düşəcəkdir.
Bu, həmin o Arustanovdur ki, 1928-ci ildə “Zarya Vostoka” qəzetində dərc etdirdiyi “Zaqafqaziyada kinolaşdırma problemləri” məqaləsində Azərbaycanda kinolaşdırmanın yaşını azaldaraq, səkkiz il irəli çəkmiş, 1905-ci il tarixini göstərmişdir.
İş burasındadır ki, azərbaycanlı alim Nazim Sadıqov Azərbaycan kinosunun ilkin dövrü ilə bağlı dissertasiya yazarkən və sonradan həmin dissertasiyanı “Azərbaycan bədii kinosu” adı altında nəşr etdirərkən kitabda belə bir cümlə yazır: “Bakıda ilk kino seansı 1905-ci ildə ticarət pasajındakı 120 nəfərlik kiçik bir auditoriyada təşkil olunmuşdur (bax: “Zarya Vostoka”, 5 fevral 1928-ci il, №30).
Halbuki Azərbaycanda ilk dəfə filmlər 1896-cı ilin ikinci yarısından sonra nümayiş etdirilməyə başlanılmışdır. Bakıda ilk çəkilişlər isə 1898-ci ilin may ayında aparılmışdır.
Qayıdaq 20-ci illərdə istehsal olunan və diqqəti cəlb edən filmlərə. Rejissor A.M.Şərifzadənin “Bismillah” filmi barədə oxucularımıza ətraflı məlumat vermişik. Əlavə olaraq onu bildirmək istəyirik ki, “Bismillah” filmi yenicə çəkilib başa çatdığı vaxt Almaniya kino şirkətinin nümayəndələri Bakıda imiş. Onlar İrandan Berlinə qayıdarkən şəhərimizin qonağı olurlar. Kinofabrikdə qonaqlara “Bismillah” filmi göstərilir və film onların çox xoşuna gəlir. Qonaqlar hətta qeyd edirlər ki, Azərbaycanın məişət və ənənələrini göstərən epizodlar yüksək keyfiyyətlə həll edilib, çəkilən toy dəstgahı və Məhərrəmlik mərasimi onlarda dərin təəssürat yaratmışdır. Onlar indiyə kimi kino aləmində belə ənənəvi epizodlar görməyiblər.
Nümayəndə heyətinin başçısı Maks Bruxmüller onu da deyib ki, təchizat cəhətdən o qədər yüksək səviyyədə olmayan kinofabrikdə belə bir filmin çəkilməsi böyük uğurdur.
A.M.Şərifzadə “Bismillah” filmindən sonra M.F.Axundovun eyniadlı pyesinin motivləri əsasında “Hacı Qara” kino əsərinə quruluş verdi. Filmin ssenarisini C.Cabbarlı yazmışdı. O, ssenarini ekran üçün yenidən işləmiş, mərkəzi obraz kimi Hacı Qaranı deyil, Sonanı göstərmiş, bununla da qadının cəmiyyətdə yeri problemini ön plana çıxarmışdır.
Dramaturq ssenariyə yeni obrazlar daxil etmiş, hadisələrin dairəsini daha da genişləndirmişdir. Əgər pyesdə Heydər müflisləşdirilmiş bəydirsə, filmdə o, Bayraməli bəyin nökəridir, çobandır. Heydər nökər də olsa Bayraməli bəyin qızı Sonanı sevir. Onların arasındakı bu sevgi qarşılıqlıdır.
Pyesdə Heydər bəy toyunu etmək üçün pul əldə etməlidir. Ona görə də dostları ilə birgə qaçaqmalçılıq məqsədilə Hacı Qaranın yanına pənah gətirir. Filmdə nökər Heydər evlənmək üçün pulu olmadığına görə Hacı Qara ilə birgə qaçaqmalçılığa gedir. Qayıdandan sonra Bayraməli bəy tərəfindən aldadıldığını görüb Sonanı qaçırır.
C.Cabbarlı filmin finalını iki variantda işləmiş və kinofabrikə təqdim etmişdi. Birinci səhnədə gənclər təqib edilən zaman vəziyyətdən çıxış yolu tapmadıqlarına görə və yenidən bəylərin əlinə keçməmək üçün bir-birilərinə sarılıb özlərini sıldırım qayadan ölümün ağuşuna atmağı üstün tuturlar. Əslində bu epizodda məhəbbət ölümə qalib gəlir. İkinci səhnədə isə gənclər sıldırım qayaların arasından çətinliklə də olsa keçib təhlükədən sovuşurlar. Beləliklə də, gənclər hər iki halda öz məhəbbətlərinə qovuşmaqla yaşadıqları dövrün ictimai-siyasi ədalətsizliyinə qarşı öz etiraz səslərini ucaldır, məhəbbətin hər cür zorakılıqdan güclü olduğunu öz cəsarətli addımları ilə bir daha nümayiş etdirirlər.
Filmin çəkiliş prosesində ikinci varianta üstünlük verilmiş və həmin səhnə ekrana çıxarılmışdır. “Hacı Qara” dövrün kino və teatr mühitini özündə əks etdirən əvəzsiz ekran əsəridir. Filmin ekranlara çıxarılması ilə əlaqədar “Azdövlətkino” İdarə heyətinin sədri Ş.Mahmudbəyov yazmışdır: “...”Hacı Qara” nəinki Azərbaycan əhalisi arasında, həm də bütün Şərq ölkələrində şübhəsiz böyük uğur qazanacaqdır. Çünki Azərbaycanın yaxın feodal keçmişinin özünəməxsus həyat tərzi, kəndlilərin bəy-mülkədar tərəfindən istismar edilməsi bu filmdə öz parlaq əksini tapmışdır”.
Film ümumittifaq ekranlarına 1929-cu il martın 9-da buraxılmış və müvəffəqiyyətlə nümayiş etdirilmişdir.
“Hacı Qara” çəkildiyi vaxt kinostudiyada “Sevil” bədii filmi də istehsala buraxılmışdı. Filmin ssenarisini C.Cabbarlı özünün eyni adlı pyesi əsasında yazmışdır. Digər əsərlərində olduğu kimi, burada da qadın azadlığı mövzusu ön plana çıxarılmışdır. Film qadın azadlığından başqa, cəmiyyətdə öz yerini axtarıb tapa bilməyən, dədə-baba qaydalarına xor baxan, hətta öz doğma atasını belə bəyənməyən Balaşları ifşa edir. Bu filmdə azərbaycanlı qadının ümumiləşdirilmiş obrazı öz bədii həllini tapmışdır.
Bəzi nöqsanlarına baxmayaraq, film peşəkarlıqla çəkilmiş, Azərbaycan kinosunda qadın obrazı ilk dəfə bu filmdə ikinci planda deyil, iri həcmdə, qabarıq şəkildə yaradılmışdır.
O vaxtlar Azərbaycan kinematoqrafçıları hər hansı bir məsələnin həllinə çox çətinliklə nail olurdular. Nə üçün? Ona görə ki, kino onlar üçün təzə bir sahə idi. Onlar milli kinonun özülünü qoyurdular. Çəkdikləri filmlər çox vaxt primitiv olurdu. Eybi yoxdur. Bunun üçün onları günahlandırmaq lazım deyil. Çünki bu insanlar heç nədən kino yaradırdılar. Onlar film çəkə-çəkə özləri də öyrənirdilər. Kinomuzun beşiyi başında duranlar bunlar idi: A.Mişon, C.Cabbarlı, A.M.Şərifzadə, M.Mikayılov, A.Quliyev, R.Təhmasib, H.Ərəblinski, İ.Orucova, Ə.Ağdamski...”
1970-ci ildə rejissor Rza Təhmasib “Ədəbiyyat və incəsənət” qəzetinə verdiyi müsahibədə demişdi ki, o zamanlar bizə kömək əli uzadan dost sənətkarların Azərbaycan kinosunun yaranmasında əməyi böyükdür. Buna yalnız minnətdar olmalıyıq. Lakin həmin müsbət cəhətlərlə bərabər, bunun mənfi cəhəti də var idi. Onlar filmi çəkən kimi öz şəhərlərinə qayıdır, milli kino kadrlarının yetişməsi ilə məşğul ola bilmirdilər. Kino xadimlərindən yalnız Vsevolod Pudovkin kollektivə, milli kadrların yetişməsinə yaxından kömək edirdi. O, kino sənətinə aid məruzələr oxuyur, bizimlə öz təcrübəsini bölüşürdü.
Rejissor R.Təhmasibin dediklərindən göründüyü kimi, ilk dövrlər Azərbaycanın kino işçiləri əsasən çəkiliş meydançasında müxtəlif eksperimentlər aparmaqla, çoxlu mütaliə etməklə kinonun sirlərini, incəliklərini, kinonun dilini öyrənir, ruhdan düşmür, həvəslə işləyirdilər. Onlar milli kinomuzu yaradırdılar. Biz bu adamları heç vaxt yaddan çıxara bilmərik.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi