Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” (“Mosques: Splendors of Islam”) kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə ingilis dilində hazırlanmış kitabla bağlı məlumat verilib. Bildirilib ki, nəşr müəllif Leyla Uluxanlının 8 illik zəhmətinin bəhrəsidir.
Sonra iştirakçılar virtual olaraq kitabda yer almış məscidlərə səyahət ediblər.
Yeni nəşrin təqdimatının Vətənində keçirilməsinin qürurverici olduğunu söyləyən Leyla Uluxanlı bu layihəni dəstəklədiklərinə görə Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
“Mənim birinci sənətim şərqşünaslıqdır və sevinirəm ki, bu tədbirdə sevimli müəllimlərim iştirak edirlər. Biz kitabı hazırlayarkən qarşımıza məqsəd qoymuşduq ki, bu nəşr memarlar, rəssamlar, dizaynerlər, şərqşünaslar, o cümlədən geniş ictimaiyyət üçün maraqlı olsun. Layihənin əvvəlində peşəkarlardan ibarət komandamla dünyanın ən gözəl 267 məscidini ziyarət etdik. 25 ölkədən 53 məscid seçildi ki, onlar tarixən İslam sivilizasiyasının ən yüksək estetikasını təşkil edir. Azərbaycandan 3 məscid də kitaba daxil edildi. Bu gün İslam memarlığının inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm. Bakıda çox gözəl Heydər Məscidi tikilib. Bu, bizim kitabımızın ilk səhifəsində yer alıb”, - deyə o vurğulayıb.
Kitabın redaktoru Yekaterina Karelina deyib ki, bu, nadir bir layihədir. İngilis dilində hazırlanan kitab fransız və rus dillərində də çap olunacaq, həmçinin ABŞ, Böyük Britaniya və Rusiyada təqdimatları keçiriləcək.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək deyib ki, kitabın təqdimatının ölkəmizdə elan olunan “İslam həmrəyliyi ili”ndə keçirilməsi əlamətdar haldır. Bütün səmavi dinlər bəşəriyyətə sülh, qarşılıqlı anlaşma, mərhəmət ideyaları təlqin edir. Azərbaycanda elan edilən “İslam həmrəyliyi ili” də bu idealların, sülhün dünyamızda daha möhkəm bərqərar olunmasına xidmət edir.
Nazir müavini deyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində görülən işlər dini etiqad azadlığına geniş imkanlar açdı, dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Tolerantlığın Azərbaycan modelinin sonrakı uğurlu təbliğatı birbaşa Prezident İlham Əliyevin iradəsi və təşəbbüsü ilə yürüdülən siyasətin nəticəsidir. Bu siyasət liderlərə məxsusdur və davamlı xarakter alıb.
Təqdimat mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik, Vasim Məmmədəliyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məscidlərin memarlıq üslubundan söz açaraq bu mənada yeni kitabı zəngin məlumat mənbəyi kimi dəyərləndiriblər.