Dekabrın 7-9-da İstanbulda Türkdilli Dövlətlərin Kinematoqrafçılar Birliyi (TDKB) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.
Tədbiri giriş sözü ilə açan komitənin sədri kinorejissor Xocaqulu Narliyev (Türkmənistan) türk xalqlarının ortaq tarix və mədəniyyətinin təbliğ olunmasında kino sənətinin imkanlarından səmərəli istifadə olunmasının əhəmiyyətindən danışıb.
Qurumun yaxın zamanda görəcəyi işlərdən söhbət açmış Türk Dünyası Qəzetçiləri Federasiyasının sədri, TDKB İcraiyyə Komitəsinin icraçı direktoru Menderes Demir və baş katibi Oqtay Mir-Qasım filmlərin istehsalına və yayımına dəstək göstərmək məqsədilə TDKB-nin maliyyə fondunun yaradılması yolları, birgə film istehsalı, kino təhsili sahəsində təşəbbüslər haqqında fikirlərini bölüşüblər.
Türkiyənin yaradıcı kinematoqrafçılar birliklərinin rəhbərlərindən İsmayıl Günəş, Fədai Öztürk, Mehmet Gülərüz, Turan Şahin, eləcə də rejissorlardan Artıkpayı Suyundukov (Qırğızıstan), Sadıx Şerniyaz (Türkmənistan), Aybek Kopadze (Özbəkistan), prodüserlər İlyas Boqatıryov (Rusiya), Kanat Torebay (Qazaxıstan) müzakirələrdə qurumun inkişaf etdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər. Tədbirdə müşahidəçi qismində iştirak edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino baş idarəsinin müdiri Erkin Yılmaz, Qırğızıstan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya baş idarəsinin müdiri Muxtalı Bektenalıyev, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov TDKB-nin fəaliyyətini yüksək qiymətləndirdiklərini və nəzərdə tutduğu planların həyata keçirməsi üçün yardımçı olacaqlarını bildiriblər. İclasda TDKB-nin nizamnamə layihəsi də müzakirə olunub və layihənin tanış olmaq üçün aidiyyəti qurumlara göndərilməsi qərara alınıb.