Mədəniyyət və Turizm Nazirliyinin Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin (MEMM) təşkilatçılığı ilə dekabrın 8-də Biləsuvar rayonunda “Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında İKT-nin rolu” adlı interaktiv tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov və başqaları çıxış ediblər.
Çıxışlarda Azərbaycanın Qarabağ bölgəsinin tarixi, bu bölgə ilə bağlı mədəniyyət nümunələrinin məhz Azərbaycan xalqına və Azərbaycan tarixinə aid olmasına dair həqiqətlərin dünyada təbliği və yayılmasının vacibliyi, bu işdə müasir təbliğat imkanlarından, informasiya-kommunikasiya texnologiyalarından istifadə və mədəniyyət işçilərinin üzərinə düşən vəzifələrdən bəhs edilib.
Sonra “Azərbaycan milli-mədəni irsin təbliğində Vikipediya - açıq elektron ensiklopediyasının rolu” adlı təqdimat olub, “Ermənistanın işğalçı siyasətinin nəticəsində dağıdılmış maddi-mədəni irs nümunələri” adlı elektron sərgisi və rayonun məktəb şagirdlərinin Qarabağ haqqında rəsm sərgisi nümayiş olunub. Xalq çalğı alətləri ansamblının ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Tədbir çərçivəsində, həmçinin AMEA-nın Folklor İnstitutunun və Elmi-Metodik Mərkəzin birgə layihəsi olan Qarabağın mədəni irsinə dair təbliğat xarakterli açıqcalar dəstinin təqdimatı keçirilib, mədəniyyətimizin qorunması və təbliğində İKT potensiallarından səmərəli istifadədə vətəndaş fəallığının roluna dair diskussiya aparılıb, bu mövzu ilə bağlı MEMM əməkdaşları tərəfindən hazırlanmış metodiki vəsaitlər təqdim olunub.