«Buta» filmi beynəlxalq festivaldan qalib qayıtdı
   
   Son illər Azərbaycan filmlərinin beynəlxalq festivallarda uğurlu iştirakı milli kinematoqrafiyamızda inkişafın, dövlətin bu sahəyə diqqətinin göstəricisidir. Bu günlərdə daha bir filmin xoş sorağını aldıq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbaycanfilm» kinostudiyası və «Buta Film» prodüser mərkəzinin birgə istehsal etdiyi «Buta» filmi Asiya-Sakit Okean Kino Akademiyasının mükafatına layiq görülüb.
   
   Noyabrın 24-də Avstraliyanın Kvinslend şəhərində keçirilən mərasimdə ekran əsəri “Ən yaxşı uşaq filmi” nominasiyasında 2011-ci il üzrə “Asia Pasific Screen Awards” mükafatının qalibi elan olunub. Azərbaycan filmi bu nominasiyada müsabiqəyə təqdim olunan 6 film arasından seçilərək mükafatlandırılıb.
   Dekabrın 2-də Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə filmin yaradıcı heyəti sənət sevinclərini mətbuat nümayəndələri ilə bölüşdülər. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov ekran əsərinin uğuru münasibətilə kinosevərlər adından yaradıcı heyəti təbrik etdi. «Buta»nın bundan əvvəl də bir sıra festivallarda nümayiş olunduğunu bildirən sektor müdiri filmin ideya və mövzu orijinallığı barədə də danışdı. Sektor müdiri yaxın vaxtlarda filmin Sumqayıt, Abşeron, Zaqatala və Şabranda nümayiş olunacağını, məktəblilərin tətil günlərində isə yenicə təmir olunaraq istifadəyə hazırlanan “Nizami” kino mərkəzində göstəriləcəyini bildirdi.
   
   Bəşəri dəyərləri təbliğ edən film
   
   Filmin prodüseri, Xalq artisti, «Azərbaycanfilm» kinostudiyasının direktoru Xamis Muradov ekran işinin qazandığı mükafatın əhəmiyyətindən söz açdı. Bu hadisəni ümumilikdə Azərbaycan kinosunun uğuru adlandırdı. Onun sözlərinə görə, bəşəri dəyərləri təbliğ edən filmin məramı müsabiqədə də yüksək qiymətləndirilib: “Filmin baş qəhrəmanı uşaq olsa da, filmi uşaq filmi adlandırmaq olmaz. Bu ekran əsərində uşaqlara örnək ola biləcək həyat məktəbi var. Sevginin ana xətt kimi keçdiyi filmdə Allaha, həyata, insanlığa olan bəşəri sevginin ustalıqla əks olunduğunu görürük».
   Poetik pritçaya yaxın üslubda çəkilən, həyat fəlsəfəsini açan filmin ssenari müəllifi və rejissoru İlqar Nəcəf «Buta»nın uğurunu doğru aktyor seçimi və mövzunun reallığı ilə izah etdi. Rejissorun fikrincə, vizual elementlərə görə zəngin, texniki baxımdan yüksək səviyyəli, lakin nüvəsində zorakılıq, savaş olan filmlərdən qaçmaq, məhz uşaqların mənəvi saflaşmasına, onların həyata, insana məhəbbətlə bağlanmasına, mükəmməl yetişməsinə xidmət edən ekran əsərləri çəkmək gərəkdir: «Bütün film boyu biz yetim, tənha qalan 7 yaşlı Butanın yaşantılarını göstərməyə çalışmışıq. Tənhalıq çox pis şeydir, ələlxüsus da həyatın qoynuna yenicə atılan uşaq üçün. Bizim qəhrəman da belə uşaqlardandır. Film boyu o tamaşaçının gözü önündə böyüyərək daxilindəki və onu əhatə edən ətraf aləmin gətirmiş olduğu sıxıntılardan, mənəvi sarsıntılardan, düşdüyü boşluqdan, məhrumiyyətlərdən çıxaraq adında ifadə olunan həyata yenidən, daha möhkəm bağlana bilir. Təbii ki, buna filmin ikinci qəhrəmanı, qoca dəyirmançı sayəsində nail olur. O qoca Butada sanki öz uşaqlığını tapır və onunla birgə hərəkət etməyə başlayır. Sonda öz missiyasını yerinə yetirir və dünyadan köçür. Butanın yaşamasına, özünü tapmasına, həyata bağlanmasına əmin olduğu vaxtda dünyasını dəyişir. Dünənlə bu günün, sabahla keçmişin, iki dəfə uşaqlaşmaq şansı qazananla uşağın dialoqu olan «Buta»nın auditoriyası da böyükdür. Bu filmə 7-dən 70-ə hər kəs baxıb nə isə götürə bilər. Çünki orada həyatın real çalarları var. Filmin necə alındığını təbii ki, tamaşaçılar və peşəkarlar deyər. Amma iştirak etdiyi müsabiqələr və gətirdiyi mükafat praktiki nəticəsini göstərir. Bu film mənim üçün rejissor olaraq çox vacib idi. İçimdə böyük iddia var və demək istədiklərimi digər ekran işlərimdə tamaşaçı ilə bölüşdürməyə çalışacağam».
   
   Buta həyat deməkdir
   
   Buta gül toxumu, buta alov dili, buta su damlası və ən əsası buta həyatdır. Filmin əvvəlində, titrlərdə buta haqqında bu maraqlı açıqlama verilir. Film sanki xalça ilə başlayır. Xalça burada təkcə bir sənət əsəri deyil, bu bir obrazdır. Buta sivilizasiyadan uzaq ucqar bir dağ kəndində doğulub. Anası, atası olmayan, nənəsi ilə yaşayan 7 yaşlı tənha bir uşaqdır. Film xalça ilə başlayır. Film boyu Butanın nənəsi xalça toxuyur. Buta filmdə baş verən hadisələri özündə daşıyan simvolik bir obrazdır.
   Filmdəki qoca dəyirmançının (Xalq artisti Rafiq Əzimov) və baş qəhrəman Butanın (Tofiq Əliyev) simasında həyatın hər iki üzü, eləcə də yaşamın, yaşamağın gözəlliyi, bütün baş verənlərə, olub-keçənlərə rəğmən hər bir insanın yaşantıları ilə gözəl, maraqlı olduğu göstərilir.
   Qoca dəyirmançı rolunun ifaçısı, ustad sənətkar, Xalq artisti Rafiq Əzimov filmin fəlsəfəsini özünəməxsus şəkildə izah edərək bu obrazı yaradıcılığında yeni xətt adlandırdı: «Ssenari mənə təqdim olunanda onu birnəfəsə oxudum. Mətn məni heyran etdi və anladım ki, bu mənim yaradıcılığımda tam fərqli bir iş olacaq. Elə də oldu. Butanın açması, onun ifa etdiyi mənalarla başlanan ssenari məni ilk anda cəlb etdi. Buta göz yaşıdır, gülün qönçəsidir və bütün bunların cəmində həyatdır. Bu filmi kino yaradıcılığımda ən uğurlu işlərdən sayıram. Çünki mənim bu illər ərzində oynadığım rollar içərisində dəyirmançı rolu, 70-75 yaşlı kişi obrazı yeni səhifədir. Ümumilikdə ssenari olduqca həyati, real, müasir və səmimidir.
   Filmin başlanğıcında qoca dəyirmançının gənclik dövrü, məhəbbəti təsvir olunur. O, yetim, kasıb olduğu üçün məhəbbəti vüsalla bitmir. Buna görə də gənclik illərindən kənddən baş götürüb gedir və tərk edilmiş bir məkanda yaşayır. Nəhayət, qocanın həyat akkordları, bir çoxlarına hüzn, kədər bəxş edən ömrünün sonlarında qarşılaşdığı ağıllı, həyatsevər Buta ilə nöqtələnir. Qoca dəyirmançının həyata məhəbbəti, içində ölən duyğular, dünyaya, insanlara münasibəti ağıllı, həyatsevər Buta ilə öz həllini tapır və başqa uşaqlardan fərqlənən bu oğlanla qocanın fəlsəfi mənaya köklənən dialoqları başlayır. Bu uşaq həyatın sirlərini öyrənmək istəyir və dəyirmançıdan nələrisə əxz etməyə çalışır. Əslində, deyirlər dəyirman bildiyini edir, çax-çax başın ağrıdır. Böyük anlamda insan-həyat münasibətlərinin incə məqamlarının yer aldığı bu obrazda mən özümü oynaya və tapa bildim. Qoca dəyirmançının simasında minlərdən seçilən, həyata baxışı fərqli olan insanın obrazına girmək, yaşımın mənə verdiyi o keyfiyyətlərlə tamamlıq yaratmaq məni ifaçı, aktyor olaraq məmnun etdi. Filmdə zaman, insan taleyi, dəyişən münasibətlər bədii çalarlarla, obrazların ibrətamiz ifaları və monoloqları ilə öz bədii həllini tapıb».  

   “Bu filmdən çox şey öyrəndim”
   
   “Buta”nın baş qəhrəmanının ifaçısı, 11 yaşlı Tofiq Əliyev Azərbaycan filmlərini çox sevdiyini deyir. Yeniyetmə ifaçı bundan sonrakı həyat yolu üçün bu filmə minnətdar olduğunu, ondan çox şey öyrəndiyini bildirdi: «Məncə, bu ümumilikdə Azərbaycan kinosunun uğurudur. Çünki orada Azərbaycan, onun insanları, onların həyatı, duyğuları var. Ona görə də bizim filmimiz dünya insanlarının marağına səbəb olub və ona elə məşhur bir müsabiqədə mükafat verilib. Bu filmə çəkilməklə mən kinonun necə çətin bir sənət olduğunu gördüm. Biz evimizdə oturub filmlərə baxarkən hər şeyin necə də asan və maraqlı olduğunu düşünürük. Amma film çəkmək, hər balaca epizodun üstündə dönə-dönə işləmək, çəkiliş meydançasındakı əziyyətləri görmək göstərir ki, bu elə də asan bir şey deyil. Amma həm də maraqlıdır. Həmişə «Şərikli çörək», «Sehrli xalat», «Pəncərə», uşaq qəhrəmanını çox sevdiyim «Yeddi oğul istərəm» filmlərinə baxmaqdan doymurdum. Onlarda özüm üçün görüb-götürəcəyim nə isə axtarırdım və tapırdım da. Amma heç vaxt özümün də belə ibrətamiz filmdə rol alacağımı düşünmürdüm. Hər halda Buta rolu mənim üçün böyük həyat dərsidir. O roldan öyrəndiklərim gələcək həyatda yəqin ki, mənə hələ çox kömək olacaq».
   Qeyd edək ki, əsasən Şamaxının Zarat kəndində çəkilən ekran əsərinin operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədov, səs rejissoru Tariyel Həsənzadə, bəstəkarı Cavanşir Quliyev, direktoru Azər Quliyevdir. Filmdə Xalq artisti Rafiq Əzimov və balaca Tofiq Əliyevlə yanaşı, Ləman Nəbiyeva, Elnur Kərimov və başqaları çəkiliblər.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar