“Bakı Azərbaycana təşrif buyuran hər bir turist üçün maraqlı, gəzib-görməli yer olmaqla yanaşı, özünü təhlükəsiz hiss edəcəyi şəhərdir”
Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Bakının “Ekspo 2025” Dünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün təqdimat keçirilib.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri - Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov və “Ekspo 2025 Bakı” Əməliyyat Katibliyinin icraçı direktoru Pol Foster çıxış ediblər.
Tədbirdə Azərbaycan paytaxtının “Ekspo 2025”-ə namizədliyinin irəli sürülməsi istiqamətində görülən işlər və atılacaq addımlar barədə məlumat verilib. Bildirilib ki, may ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının 2025-ci il Dünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə məktubu Beynəlxalq Sərgilər Bürosuna (BSB) təqdim edilib. Noyabrın 14-də Parisdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Ekspo 2025” Dünya Sərgisinə Bakının namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib.
Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ilə dünyanın müxtəlif ölkələrindən gələn insanlara xalqımızın qonaqpərvərliyini, füsunkar təbiətini nümayiş etdirmək imkanı qazanacağını deyən A.Ələkbərov bildirib ki, ölkə iqtisadiyyatının bir çox sektorları da dünya sərgisinə ev sahibliyi faktından bəhrələnəcək. O, ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində uğur və təcrübəsindən danışaraq Bakının Dünya Dini Liderlərinin Sammiti, Dünya Mədəniyyətlərarası Dialoq forumları, Beynəlxalq Humanitar forumlar, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları və digər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Azərbaycanın Beynəlxalq Sərgilər Bürosunun tamhüquqlu üzvü olduğunu deyən A.Ələkbərov ölkəmizin 2000-ci ildən “Ekspo” sərgilərində iştirak etdiyini xatırladıb.
Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov “Ekspo 2025 Bakı” layihəsi çərçivəsində bu günədək görülən işlər və 2018-ci ilin noyabr ayında keçiriləcək “Ekspo 2025”-in ev sahibinin müəyyən edilməsi ilə bağlı seçkilərə qədər atılacaq addımlar barədə məlumat verib. O, Dünya Sərgisinin bu günədək Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda keçirilmədiyini də diqqətə çatdırıb.
“Ekspo 2025 Bakı” Əməliyyat Katibliyinin icraçı direktoru Pol Foster layihənin əsas texniki parametrləri, eyni zamanda, BSB-nin qiymətləndirmə missiyasının 2018-ci ilin mart ayında Bakıya səfərinə hazırlıq işlərinin aparılması barədə danışıb. Onun sözlərinə görə, qədim tarixə, mədəniyyətə, qonaqpərvərliyə malik Azərbaycanın ilk dəfə olaraq Dünya Sərgisinə ev sahibliyi etməsi uğrunda mübarizəyə qoşulması ölkənin özünə inamından, siyasi və iqtisadi müstəvidə inkişafından xəbər verir. Bakı Azərbaycana təşrif buyuran hər bir turist üçün maraqlı, tarixi, gəzib-görməli yer olmaqla yanaşı, özünü təhlükəsiz hiss edəcəyi şəhərdir. Pol Foster www.bakuexpo2025.com saytı barədə də məlumat verib.
Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi, adət və ənənələri, dini tolerantlığı, eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər və Azərbaycanın təklif etdiyi “Ekspo” mövzusu ilə bağlı videoçarxlar nümayiş olunub.