Bakı Dövlət Sirkində “Ağ pələnglər attraksionu” şousunun ardından yeni proqram təqdim olunacaq. Sirkin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 29-dan başlayacaq “Ekstremal qış” adlı proqramın heyəti Rusiya və Ukrayna sirklərinin artistlərindən ibarətdir.
Dəmir şar içərisində göstəriləcək moto-şou proqramın ən unikal nömrəsi olacaq. Möhtəşəm şouda əhliləşdirilmiş heyvanların maraqlı nömrələri, illüziya, hava gimnastları, akrobatların çıxışları təqdim ediləcək, xüsusi işıq effektlərindən istifadə olunacaq. Yeni il günlərinə düşdüyü üçün proqramda bayramın rəmzi olan Şaxta baba və Qar qız da iştirak edəcək.
“Ekstremal qış” proqramının nümayişi yanvarın ortalarınadək davam edəcək.