Dekabrın 13-də Milli Kitabxanada Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ilə görüş keçirilib.
   Milli Kitabxananın direktoru, professor Kərim Tahirov iki ölkə arasında münasibətlərdən söz açaraq Hindistan Milli Kitabxanası ilə əlaqələrin olmadığını təəssüflə bildirib, irəlidə bu əlaqələrin yaradılacağına ümid etdiyini deyib.
   Görüşdən məmnunluğunu bildirən səfir Azərbaycan və Hindistan arasında əlaqələrdən danışıb. O, ölkəsinin tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı kitabları Milli Kitabxanaya təqdim edəcəyini və burada Hindistana dair ədəbiyyatın daha da zənginləşdirilməsinə çalışacağını bildirib. Diplomat həmçinin Hindistanda fəaliyyət göstərən Müəllimlərin Tədris və Araşdırma Milli Texniki İnstitutu barəsində məlumat verib, Milli Kitabxananın işçilərini də həmin kurslarda iştirak etməyə dəvət edib. 
   Görüşün sonunda səfir Sancay Rana məşhur hind yazıçı Rabindranat Taqorun 150 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabı Milli Kitabxanaya hədiyyə edib. Direktor Kərim Tahirov qonağa “Milli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində), “Azərbaycan musiqi alətləri” (Azərbaycan və ingilis dillərində) kitablarını və Azərbaycan xəritəsini təqdim edib.
   Sonra səfir Milli Kitabxananı gəzərək şöbələrlə və kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana” ilə yaxından tanış olub, bu təcrübənin çox maraqlı bir layihə olduğunu xüsusi vurğulayıb.
   
   Lalə