Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycanın bu ölkədəki səfirliyinin və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Qurban Səidin müəllifi olduğu eyniadlı roman əsasında ekranlaşdırılan “Əli və Nino” filminin nümayişi keçirilib.
Xarici İşlər Nazirliyindən bildirilib ki, tədbiri giriş nitqi ilə açan səfir Fəxrəddin Qurbanov filmin ekranlaşdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın işini yüksək qiymətləndirib və tədbirin Azərbaycan ilə Xorvatiya arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Filmin süjet xəttindən bəhs edən səfir coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən Qafqaz regionunun müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında ixtilafların aradan qaldırılmasında körpü rolu oynadığını qeyd edib, əsrlər boyu bu coğrafiyada müxtəlif etnik və mədəni qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb.
Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Nataliya Oştariyaş iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, nümayiş olunan filmin yalnız iki gəncin məhəbbət hekayəsindən deyil, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə və Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrindən bəhs etdiyini vurğulayıb.
Filmin nümayişi ilə yanaşı, tədbir iştirakçılarına xorvat dilində çap olunmuş “Əli və Nino” kitabı təqdim edilib.