Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin (1882-1941) anadan olmasının 135 illiyinə həsr edilmiş yubiley gecəsi keçirildi. Tədbir Prezident İlham Əliyevin mütəfəkkir ədibin yubileyi haqqında sərəncamına əsasən təşkil olunmuşdu.
Mərasimdə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə, hökumət üzvləri, millət vəkilləri, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi.
Gecənin iştirakçıları teatrın foyesində görkəmli ədibin həyat və yaradıcılığını əks etdirən nəşrlər və arxiv sənədlərindən təşkil edilmiş sərgi ilə tanış oldular.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev jurnalistlərə müsahibəsində bildirdi ki, Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Yeni nəslin düşüncəsində Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri var. Ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin uzaq Sibirdən gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsi ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə idi.
Ulu öndərin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən Ə.Vəliyev bu diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli dramaturqun 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncamın Hüseyn Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirdi. Nazir müavini Cavidin şair, dramaturq kimi yaradıcılığından söz açdı. Bildirdi ki, onun "Şeyx Sənan", "İblis", "Peyğəmbər", “Səyavuş” və digər əsərləri Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Mütəfəkkir ədibin neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.
* * *
Böyük ədibin yubileyinə həsr edilən gecədə əsərləri əsasında hazırlanmış tamaşa-kompozisiya təqdim olundu. Xalq artisti, rejissor Vaqif Əsədovun quruluş verdiyi tamaşa (rejissor assistentləri Gülnar Hacıyeva və Cavid Təvəkkül) ədibin həyatının son günlərini özündə əks etdirirdi. Lakin bu son yaşantılar içində biz böyük bir insanın şərəfli və məşəqqətlərlə müşayiət olunan ömür yolunun şahidi oluruq.
Rejissorun özünün də qeyd etdiyi kimi, Cavid həyatı, yaradıcılığı ilə özü haqqında hər şeyi deyib. Tamaşada da məhz Cavidin özü və dünya haqqında düşündükləri öz əksini tapmışdı. Əlavə çıxışa, Cavid haqqında başqa bir fikrə ehtiyac duyulmadan zalda əyləşən tamaşaçıya dahi şəxsiyyətin həyatı, düşüncələri haqqında məlumat verilirdi.
Cavid idealları ilə müasir insanı yenə düşünməyə vadar edirdi. Dünyəvi məhəbbət və insanın yaratdığı zülm! Rejissor bildirdi ki, Hüseyn Cavidin həyatının son günləri onun üçün həmişə düşündürücü olub: “Yubiley tamaşası mənə həvalə ediləndə niyə də tamaşanı məhz bu səhnə üzərində qurmayım deyə düşündüm. Çünki Hüseyn Cavid sürgün həyatında dünyanı yenidən dərk edir, bütün yazıb-yaratdıqlarına münasibəti də burada aydın görünür. Görəsən, biz o cür çıxılmaz vəziyyətlərə düşəriksə, həyata baxışımız necə olar? Bir rejissor kimi çalışdım Cavidi həmin anda başa düşə bilim”.
Tamaşanın əsas qayəsi dünyanı dərk edən ali insan, ön planda duran ali ideyalar və Allahın insana verdiyi məhəbbətdir. Elə bu məhəbbət məqamında da Əməkdar artist Mehriban Zəkinin türk sazı ilə ifasında şairin “Mənim tanrım gözəllikdir, sevgidir” misraları salona yayılırdı.
Cavid əfəndinin sürgündə rastlaşdığı xanəndənin (Əməkdar artist Teyyub Aslanov) ifasında Fikrət Əmirovun şairin sözlərinə bəstələdiyi “Kor ərəbin mahnısı”ndan “Nə eşq olaydı, nə aşıq, nə nazlı afət olaydı!” misraları, Cavidin qəzəlləri üstündə “Şur” muğamı yubiley gecəsinin iştirakçılarına kövrək duyğular bəxş elədi.
Tamaşada Cavidin “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və s. əsərlərinin qəhrəmanları ədibi addım-addım izləyir, müəllifin ömrünün ən ağır günlərinin şahidinə çevrilirdilər. Vaxtilə Azərbaycan Televiziyasında Xalq artisti, rejissor Ramiz Həsənoğlunun hazırladığı “Topal Teymur” tamaşasında Əmir Teymurun səsləndirdiyi fikirlər isə yubiley tədbirinin kulminasiya nöqtəsi idi: “Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucsuz-bucaqsız məmləkətlərə... sənin kimi bir kor, mənim kimi bir çolaq müsəllət olmazdı”. Bəli, əgər dünyanın zərrə qədər dəyəri olsaydı, Cavid kimi bir mütəfəkkir, insanlıq aşiqi, bəşəriyyətin bəlalardan xilasını sevgi və humanizmdə görən şair vətənindən uzaqlarda - Sibir çöllərində vəfat etməzdi.
“Yaşamaq bir haqsa, yaşatmaq da haqq”, - deyən ölməz Cavidin yubiley tədbirinə qatılan hər kəs onu yaşatmaq, onu unutmamaq üçün Milli Dram Teatrına gəlmişdi. Hüseyn Cavidi canlandıran Əməkdar artist Elşən Rüstəmov, əməkdar artistlər Füzuli Hüseynov (Şeyx Sənan), Kazım Abdullayev (İblis), eləcə də gənc aktyorların çıxışları alqışlarla qarşılandı. Əməkdar artist, tarzən Sahib Paşazadənin Cavidin sürgün yoldaşı olan xanəndəni ustalıqla müşayiəti də tamaşaçılardan alqış aldı.
1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri ilə şairin nəşinin Vətənə gətirilməsi, böyük siyasətçinin onun haqqında fikirlərinin yer aldığı videokadrlar, ədibin tamaşaya qoyulmuş əsərlərindən foto və video görüntülər Cavid sənətinin əbədiyaşarlığını bir daha vurğuladı.
Son olaraq böyük şairin rəsminin işıqlı səmanın ənginliklərindən günəştək ucalması Cavid ziyasının heç bir zaman sönməyəcəyi mesajını verirdi. Cavid əfəndinin dediyi kimi: “Bəni öldürsələr də, bən yaşarım, Tərk edib xəlqi xaliqə qoşarım”...
Lalə Azəri