Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə respublikanın 15 şəhər və rayon mərkəzi kitabxanasında uşaq yazarları Gülzar İbrahimova, Solmaz Amanova və Sevinc Nuruqızının oxucularla görüşləri keçirilib. Səfər turu Xaçmaz, İsmayıllı, Biləsuvar, Neftçala, Ağdaş, Şəmkir, Salyan, Bərdə, Tərtər, Şirvan, Füzuli, Lənkəran, Quba və Bakı şəhərinin Xəzər və Sabunçu rayonlarını əhatə edib.
Bu silsilədən axırıncı tədbir nazirliyin, UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon MKS-nin 1№-li kitabxana filialında (M.Şəhriyar adına Uşaq kitabxanasında) keçirilib.
Uşaq yazıçısı Gülzar İbrahimova ilə oxucuların görüşündə 192 №-li bağça, 309 №-li tam orta məktəbin II sinif, 96 №-li tam orta məktəbin III sinif, Əmircan qəsəbəsindəki 84 №-li məktəbin 1 “a” sinfinin və Səbail rayonu 6 №-li məktəb-liseyinin şagirdləri, kitabxana əməkdaşları iştirak ediblər.
Tədbirdə Sabunçu rayon MKS-nin direktoru Nəcibə Hüseynova, nazirliyin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxış ediblər.
L.Məmmədova pilot layihə kimi həyata keçirilən “Uşaq yazarlarının kitabxanalara turneləri”ndən danışaraq bildirib ki, bu tədbirlərin təşkilində əsas məqsəd uşaq ədəbiyyatının və mütaliənin əhəmiyyətini aktuallaşdırmaq, valideynləri bu istiqamətdə maarifləndirmək, uşaqlara mədəni həyatda aktivliyə təşviq etməkdir.
Tədbir zamanı azyaşlı oxucuların iştirakı ilə məşhur uşaq nağılları səhnələşdirilib. Gülzar İbrahimovanın əsərləri əsasında müxtəlif kompozisiyalar nümayiş etdirilib.
Tanınmış xanəndə Maya Cəbrayılovanın ifasında Azərbaycan muğamları səslənib.
Yekunda Gülzar İbrahimova görüşünə gəlmiş uşaqlara “Dostlaşmış nağıllar” kitabını, “Sehrli dünya” jurnalının son nömrəsini, MKS-yə isə kitablarını hədiyyə edib.