Dekabrın 18-də “Azərbaycan” nəşriyyatında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə Əməkdar jurnalist Aqşin Kazımzadənin 80 illiyi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, qocaman jurnalist Məzahir Süleymanzadə, futbol veteranı Çingiz İsmayılov və digər çıxış edənlər Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri olan A.Kazımzadənin fəaliyyətindən danışıb və onunla bağlı xatirələrini bölüşüblər.
   Bildirilib ki, A.Kazımzadə jurnalist kimi ilk təcrübəsini 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda təhsil alarkən “Molodyoj Azerbaydjana” qəzetində keçib. “Sovetski sport”un Azərbaycan üzrə bölgə müxbiri işləyən A.Kazımzadə sonralar “Bakinski raboçi”, “Vışka” və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb. Jurnalist karyerasının ən çox və parlaq dövrünü "İdman" qəzetində keçirib, əmək fəaliyyətinin 31 ili bu qəzetlə bağlıdır.
   Vurğulanıb ki, A.Kazımzadə gözəl qələmə, iti zəkaya və möhkəm yaddaşa malik bir insan idi. Onu idmanımızın canlı ensiklopediyası da adlandırırdılar.