Polşanın Azərbaycandakı səfirliyinin dəvətinə əsasən diplomatik əlaqələrimizin qurulmasının 25-ci ildönümü və bu ölkənin Milli müstəqillik günü ilə əlaqədar tanınmış polşalı pianoçu Aqneşka-Pjemık-Brılan Bakıda səfərdə olub.
Səfər çərçivəsində pianoçu Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib.
Direktor Şeyla Heydərova qonağa muzeyin yaranma tarixi, M.Rostropoviçin Bakı həyatı haqqında məlumat verib. Polşalı musiqiçi muzeyin 6 minə yaxın fond materialları içərisində unikal olan M.Rostropoviçin Şopen adına Varşava Konservatoriyasının doktor diplomuna layiq görülməsi haqqında sənəd, F.Şopenin “Mazruka”, Leypsiq mətbəəsində V.A.Motsartın violonçel və fortepiano üçün “Sonata”sının çap olunmuş notları, 1981-ci ilə aid F.Şopen və R.Şumanın əsərlərindən ibarət M.Rostropoviç və M.Argeriçin ifa etdiyi kompakt disklər, üzərində L.Rostropoviçin imzası olan “Şopenin avtoqrafı” adlı çap olunmuş not yazısı və digər eksponatlarla maraqla tanış olub.
Muzeydə Polşa ilə bağlı materialların zəngin olmasından təəccübünü gizlətməyən qonaq dahi musiqiçi Rostropoviçin həyat və yaradıcılığı ilə bağlı yeni və maraqlı faktlar öyrəndiyini bildirib.
Sonra o, royal arxasına keçərək F.Şopenin “Polonez” əsərindən bir parça ifa edib.
Qeyd edək ki, pianoçunun ölkəmizdə olduğu müddətdə Bəstəkarlar İttifaqında Şopenin əsərlərindən ibarət konserti baş tutub.