“2017 - İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib
Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən “İslam həmrəyliyi ili”nin yekunlaşması ilə əlaqədar keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.
Tədbirə 40-a yaxın ölkədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumət, parlament üzvləri, diplomatik korpusun nümayəndələri qatılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda geniş nitq söyləyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri milli mənəvi dəyərlərimizin tərkib hissəsidir: “Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir”.
Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilib. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür. Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılıb: “Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmiş və bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir. Gələn il isə bizim digər qədim şəhərimiz - Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülüb”.
Dövlət başçısı çıxışında diqqətə çatdırıb ki, ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib: “Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoqa həsr etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Çünki ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır”.
Prezident daha sonra deyib: “Biz istəyirik ki, müsəlman aləmində, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir.
Digər önəmli təşəbbüs 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bildiyiniz kimi, Azərbaycan, eyni zamanda, Avropa Şurasının üzvüdür. Biz belə qərara gəldik ki, Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət edək. Tarixdə ilk dəfə olaraq iki təşkilatın nazirləri Bakıda görüşdülər. Növbəti il biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin tədbirini keçirdik və Avropadan nazirləri dəvət etdik. Yəni, bu, artıq ənənəyə çevrildi və sonra bu təşəbbüsə “Bakı Prosesi” adı verildi. Bu gün “Bakı Prosesi” yaşayır, inkişaf edir. Gələn il biz “Bakı Prosesi”nin on illik yubileyini qeyd edəcəyik. “Bakı Prosesi” bütün beynəlxalq mötəbər təşkilatlar tərəfindən, xüsusilə BMT tərəfindən çox yüksək qiymətləndirilir. Bu, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası arasında əlaqələrin inkişafı üçün dünya miqyasında nadir bir platformadır. Yenə də təşəbbüs Azərbaycan tərəfindən gəldi.
Əminəm ki, biz belə təşəbbüslərlə ümumi işimizə töhfə veririk. Ümumi məqsədimiz ondan ibarətdir ki, dünyada sülh, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma olsun, ölkələr bir-birinin işinə qarışmasın. Belə olan halda müharibələr də olmayacaq və bütün dünyada sülh bərqərar olacaq”.
* * *
Sonra İran, Türkiyə, Özbəkistan prezidentlərinin, xristian dini rəhbərlərinin konfrans iştirakçılarına müraciət məktubları oxunub.
Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğulayıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edib. O, vurğulayıb ki, Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə istinadən 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə dilindən, dinindən asılı olmayaraq dünyamızı ümumbəşəri önəm kəsb edən sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırır.
Beynəlxalq konfrans işini iki plenar iclasla davam etdirib.
Sonda konfrans iştirakçıları dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət qəbul ediblər.