Prezident İlham Əliyev Xalq rəssamı, görkəmli heykəltəraş Ömər Eldarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dekabrın 20-də dövlət başçısı Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib. Prezident Ömər Eldarovu 90 illik yubileyi münasibətilə təbrik edib.
Ömər Eldarovun sənətinin artıq neçə onilliklərdir hamımızı sevindirdiyini deyən dövlət başçısı onun yaratdığı əsərlərin xalqımızın maddi-mədəniyyət nümunəsinə çevrildiyini bildirib. Ulu öndər Heydər Əliyevin Ömər Eldarovun sənətini hər zaman yüksək qiymətləndirdiyini bildirən Prezident onun yaratdığı əsərlərin yüksək mədəniyyət nümunəsi olduğunu vurğulayıb. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın, həmçinin Azərbaycan mədəniyyətinin bir sıra məşhur simalarının - Məhəmməd Füzulinin, Natəvanın, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Niyazinin və digərlərinin abidələrinin müəllifi olan Ömər Eldarovun ölkəmizin hüdudlarından uzaqlarda da tanındığını, onun yaratdığı abidələrin xarici ölkələrdə də ucaldıldığını məmnunluqla qeyd edib. Ömər Eldarovun Rəssamlıq Akademiyasının rektoru kimi də fəaliyyətinin yüksək qiymətləndirildiyini deyən Prezident gənc kadrların hazırlanmasında onun böyük rol oynadığını qeyd edib.
Prezident Ömər Eldarovun fəaliyyətinin və xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, 1997-ci ildə “İstiqlal” ordeni ilə, 2009-cu ildə Heydər Əliyev mükafatı ilə, 2012-ci ildə “Şərəf” ordeni ilə təltif olunduğunu deyib, indi isə Azərbaycanın ən yüksək mükafatına - “Heydər Əliyev” ordeninə layiq görüldüyünü bildirib və mükafatı sənətkara təqdim edib.
Ömər Eldarov onun fəaliyyətini yüksək qiymətləndirdiyinə və “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bundan qürur duyduğunu deyib.