Dekabrın 19-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında görkəmli aktyor, Azərbaycanın və Rusiyanın Xalq artisti, «Uzaq sahillərdə» filmindəki Mehdi Hüseynzadə obrazı ilə milyonların qəlbini fəth etmiş Nodar Şaşıqoğlunun 90 illik yubiley tədbiri keçirildi.
Teatrın Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə təşkil etdiyi yubiley gecəsinə qatılanlar öncə teatrın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə tamaşa etdilər.
Tədbir sanki Nodar Şaşıqoğlunun özünün də iştirak etdiyi yubiley ziyafəti sayaq qurulmuşdu. Onun səhnə rampası boyda qayğılı portretinin bir tərəfində aktyorun «Kral Lir» tamaşasında geyindiyi əlbisə və qrim masası, digər tərəfindəsə bu teatrda çalışdığı illərdə çox sevdiyi sənət dostlarının əyləşməsi üçün ziyafət masası qoyulmuşdu.
Əvvəlcə Nodar Şaşıqoğlunun kino yaradıcılığına həsr olunmuş slayd-şou nümayiş etdirildi. Aktyorun «Azərbaycanfilm» kinostudiyasında çəkilmiş filmlərdə yaratdığı obrazlar bir daha tamaşaçıların gözlərinin qarşısından keçdi.
Yubiley gecəsini açan teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski Azərbaycanda daha çox kino aktyoru kimi tanınan Nodar Şaşıqoğlunun ekran yaradıcılığı barədə danışmaq üçün Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyevi səhnəyə dəvət etdi.
Cəmil müəllim aktyorun ötən əsrin əllinci illərində Moskvada teatrda işlədiyi zaman Bakı kinostudiyasında «Uzaq sahillərdə», «Onun böyük ürəyi», “Əsl dost” filmlərində çəkilməsindən bəhs etdi. Əfsanəvi qəhrəman Mehdi Hüseynzadəyə həsr olunmuş filmin Daşkənd festivalındakı nümayişindən sonra aktyorun bütün SSRİ-də məşhurlaşdığını deyən C.Quliyev Nodar Şaşıqoğlu ilə birlikdə sovet ekranına artıq yeni tipli kino qəhrəmanının gəldiyini vurğuladı.
«Uzaq sahillərdə» filmindən bir fraqmentin nümayişindən sonra Nodar Şaşıqoğlu ilə eyni tamaşada oynamaq xoşbəxtliyi nəsib olmuş Rus Dram Teatrının aktyorları öz xatirələrini bölüşdülər. Xalq artistləri Səfa Mirzəhəsənov və Məbud Məhərrəmov, əməkdar artistlər Fuad Osmanov və Natalya Şarovskaya, aktyor Maqsud Məmmədov Nodar Şaşıqoğlu ilə ünsiyyət saxladıqları dönəmləri, «Kral Lir» tamaşasında birgə çıxış etdikləri illəri xatırladılar. Həmin xatirələrdə sevgi dolu ömür sürmüş aktyorun həmkarları ilə zarafatları, sənət söhbətləri, artıq dillərdə lətifə kimi söylənilən ifadələri də yada salındı.
Tədbir boyu Nodar Şaşıqoğlunun rol aldığı «Leyli və Məcnun» filmindən, baş qəhrəmanı oynadığı «Kral Lir» tamaşasının lent yazısından fraqmentlər də nümayiş etdirildi.
Aktyorun oğlu, atasının adını daşıyan Nodar Şaşıqoğlu yubiley gecəsinin təşkilatçılarına minnətdarlığını bildirdi.
«Kral Lir»də oynamış aktrisa Natalya Şarovskaya həmin tamaşanın final səhnəsində öz qəhrəmanı ilə yaşıd aktyorun ata faciəsini necə çatdırdığını xatırladıqdan sonra teatra həsr olunmuş şeirlə onun xatirəsinə ehtiramını ifadə etdi.
Tədbirin sonunda Nodar Şaşıqoğlunun şəkilləri fonunda səsləndirilən məşhur «Vivat, kral, vivat» mahnısı səsləndi.
G.Mirməmməd