Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, Sumqayıt Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə şəhərdəki S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri yazıçı-publisist Hafiz İmamnəzərli açaraq, qalereyanın yaranması, fəaliyyəti haqqında ətraflı məlumat verib.
Hafiz İmamnəzərli və rejissor Etibar Bənnayevin birgə layihəsi əsasında çəkilmiş Sumqayıt Dövlət Rəsm Qalereyasının tarixini və fəaliyyətini əks etdirən “50 illik şərəfli yol” filminin nümayişi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyran Axundova, Sumqayıtda “Göyərçin” simvolunun müəllifi, Əməkdar incəsənət xadimi Vaqif Nəzirli, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova çıxış edərək, yarıməsrlik tarixi olan qalereyanın insanların bədii-estetik zövqünün formalaşmasında, gənc rəssamların inkişafında rolunu yüksək qiymətləndirib, xoş arzularını çatdırıblar.
Ceyran Axundova mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı fəxri fərmanları qalereya əməkdaşlarına təqdim edib. Həmçinin Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanları təqdim edilib.
Uşaq poeziya klubu üzvlərinin ifasında Sumqayıta həsr olunmuş şeirlər, Sumqayıt əfsanəsini əks etdirən səhnəcik təqdim edilib. Sonra uşaqların rəsm sərgisi və “Art suvenir” satış-sərgisi açıq elan olunub. Sərgilərdə sumqayıtlı rəssamların əsərləri, eləcə də, dekorativ və tətbiqi sənət ustalarının əl işləri, bəzək əşyaları nümayiş etdirilir.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib. Şəhər Mədəniyyət evinin “Odlar yurdu” rəqs ansamblının, “Qobustan” nağaraçalanlar qrupunun, müğənni Zaur Yusiflinin çıxışları yubiley tədbirinə əlavə rəng qatıb.