Dekabrın 22-də Ağdaş şəhər Habil Əliyev adına Uşaq musiqi məktəbinin yaradılmasının 80 illiyi münasibətilə tədbir keçirilib.
Məktəbin direktoru Rafiq İsgəndərov iştirakçıları salamlayaraq tədris ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. Sonra məktəbin xor kollektivi və xalq çalğı alətləri ansamblı çıxış edib.
Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Tahir Əliyev məktəbin müəllim və şagird kollektivini yubiley münasibətilə təbrik edib. O, məktəbin yeni binasının 2009-cu ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tikilərək istifadəyə verildiyini diqqətə çatdırıb, bu diqqət və qayğıya görə təşəkkürünü ifadə edib.
Məktəbə 38 il rəhbərlik etmiş Möysünə Hüseynova xatirələrini bölüşüb. Göyçay rayon Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov, Ucar rayon Uşaq incəsənət məktəbinin direktoru Könül Kərimova və başqa çıxış edənlər məktəbin kollektivini təbrik ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova məktəbin Ağdaşın ictimai-mədəni həyatında mühüm rol oynadığını vurğulayıb.
Yubiley tədbirində Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi Göyçay, Ucar və Zərdab rayonlarının mədəniyyət işçiləri, musiqi kollektivləri də iştirak edib.
Tədbir rəngarəng konsert proqramı ilə başa çatıb.