Lerikli Hacı Musa Bədəlov ömrünün 87-ci ilini yola salır. Müdrik el ağsaqqalı, biologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü olan qocaman ziyalı 60 il müəllim işləyib. O həm də gözəl qələm əhli kimi rayonda nüfuza malikdir. Təbiətə vurğun olan bu zəhmətkeş alimin elmi, bədii yazıları daha çox bu istiqamətdə olur. Azərbaycanın, yaşadığı Lerik rayonunun zəngin fauna və florasını, xalq təbabətində nadir dərman bitkilərinin müalicəvi xüsusiyyətlərini qələmə alır. Kitabları maraqla oxunur, bir çox dərdin dərmanı olur. 
   Musa Bədəlovun artıq 16-cı kitabı işıq üzü görüb. “Min bir dərdin dərmanı” adlı kitabda xalq təbabətində əvəzsiz əhəmiyyətə malik olan bitkilər haqqında məlumatlar və dərman reseptləri oxucuların diqqətinə çatdırılır.
   Kitaba yazıçı Novruz Nəcəfoğlu “Yeri başda olan adam” başlıqlı əhatəli “ön söz” yazıb. Burada Hacı Musa Bədəlovun insani keyfiyyətləri, zəngin yaradıcılığı əksini tapıb. 
   “Min bir dərdin dərmanı” indi çoxlarının stolüstü kitabıdır. Həyatı sağlam yaşamaq naminə bu kitabı oxumağa dəyər.
   
   Zəfər Orucoğlu
   Lerik