Türk dünyasında “dombıra” kimi tanınan musiqi aləti ölkəmizdə “dambır” (tənbur) olaraq Balakən-Zaqatala bölgəsində yaşayır. Burada tənbura “dambır”, dambırla oxunan mahnılara isə “hayla” (“haraylamaq”, “səsləmək”) deyirlər. Bölgədə həm qadın, həm də kişi dambırçılar olub.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı dəfələrlə Balakən bölgəsində yaşayan dambırçılarla görüşərək onlardan folklor materialları toplayıb. Onun sözlərinə görə, xakaslar, altaylar, şorlar, tuvalılar, başqırdlar dastana “kay”, “kayla”, yaxud “hay”, “hayla”, dastan söyləyənə isə “kayçı”, “hayçı” deyirlər. Bu sözün bir anlamı da “boğazda oxuyan”, yaxud da “boğaz oxuması” mənasını verir.
L.Vaqifqızı Azərbaycandakı hayla sənəti və dambırçılarla tanışlığının 2005-ci ildən başladığını bildirir. Həmin il Balakən rayonunun Tülü kəndində yaşayan Nizam Dabaxovla görüşərək ondan çoxlu material toplayıb. Dambırçıların deyişməsini də ilk dəfə o zaman görüb: “Dambırçıların deyişməsini haylanı canlı ifada yaratmaq baxımından bir növ meyxanaçıların deyişməsinə bənzətmək olar. Amma meyxanadan fərqli olaraq, haylada vulqar söz və ifadələrin işlədilməsi halları ilə qarşılaşmırıq. Dambırçılar ədəb çərçivəsindən çıxmır, qayda-qanunu gözləyirlər. 2016-cı ilin avqust ayında yenidən dambırçılarla görüşlərim oldu. Balakən şəhərində, Gülüzanbinə, Hənifə, Qullar, Tülü, Qazma, İtitala kəndlərində, Qabaqçöldə folklor toplama işləri apardım. Bu səfərlərimdə dambırçılarla bağlı 40 saatlıq material toplaya bildim”.
Həmsöhbətim qeyd edir ki, ötən yüzildə Tülü kəndində dambırçıların məktəbi yaranıb. Ata Bilal, Dabax Mehralı, Kor Ata, Serjant Zeynalabid, Ata Kamal, Alagöz Tacəddin, Səkinə Teyyubqızı, Diriquş İbrahim, Üneyzət Hüseynova, İbadulla Qarayev və başqa məşhur dambırçılar bu kəndin yetirmələri olublar.
L.Vaqifqızı: “İndi Nizam Dabaxovu Tülü dambırçılarının davamçısı saymaq olar. O, yaxşı dambır ifaçısı olmaqla bərabər, bədahətən hayla deməyi də bacarır. Tülüdə yalnız dambırçılar və hayla deyənlər yox, eyni zamanda ustad mey (bu bölgədə balabana “mey” deyilir - müəl.) çalanlar da olublar. Tülüdə ilk meyçalan İsrafil Akubayev idi. Kənd sakini Teyyub kişi həm yaxşı mey, həm də dambır çalırmış”.
Araşdırmaçı bildirir ki, Balakən dambırı Tülü kəndi ilə məhdudlaşmır. Haylaçı Sənəm kimi tanınmış dambırçı Gülüzən kəndindən, Qaz Zeynalabid, Murad Abdusalam, Mirəli Molla Musa, Daşdəmir Cavad, Yetim Ərəbiddin və başqaları Qazma kəndindən, Oruc Rəcəb, Sayıl Məhəmməd, Sayıl Şəmsəddin, Ayişə İsmayılqızı Qullar kəndindən, Meset Xızrıqızı, Atbaz Əfqan Hənfə kəndindən, Rövşən isə Talalar kəndindən çıxmış dambırçı və haylaçılardır. Onlardan Haylaçı Sənəm və Sayıl Məhəmməd 1928-ci ildə keçirilən Azərbaycan aşıqlarının I qurultayının iştirakçıları olublar”.
Qeyd edək ki, dambır meyin, zurnanın, qoşanağaranın müşayiəti ilə çalınır. Dambır çalmadan hayla söyləyənlər də Balakəndə çox olub və indi də var.
L.Vaqifqızı bildirir ki, sovet dövründə dambır kənd iməciliklərində daha çox çalınarmış. İməciliklərdə şənliklər də təşkil olunar, dambır sədaları altında cavan qız və oğlanlar rəqs edərdilər. İstədiyi havanı sifariş verən oğlan ortaya girər, bir neçə dəfə dövrə vurduqdan sonra bacısını, nişanlısını, qonşu qızlarını rəqsə dəvət edər, birgə oynayardılar. Belə iş şəraitində iməcilik camaatı yorulmaz, əksinə, razı qalardılar.
L.Vaqifqızı: “Balakən toylarında gündüzlər zurna-nağara çalınar, gecələr isə toya dambırçılar, meyçalanlar dəvət olunarmış. Dambır daha çox kiçik məclislərin alətidir. Keçmişdə Balakən toyları mey və dambırın müşayəti ilə keçirilərmiş. Bu iki çalğı aləti bir yerdə olarsa, buna mey-dambır deyərmişlər. Balakənlilər toylarda dambır və meyçalanlara şabaş verəndə onu çalğıçının şapkasının altına qoyarlarmış. Bəzən şabaşı ifaçının alnına yapışdırarmışlar. İndi də rayonda bəzən məclisə dambırçılar gətirirlər. Dambırçı məclisə yığışan adamların adlarını çəkir, onlara uyğun haylalar deyir, qarşılığında pul alır. Eləcə də onlar atmacalı haylalar deyərək, deyişir və məclisi şənləndirirlər”.
Bölgədə dambırla daha çox ifa olunan havalar bunlardır: “Tərəkəmə”, “Aqquş”, “Gəlin gətirən”, “Çay daşı, çaylax daşı”, “Ay aman, aman”, “Hacı Murad”, “Qərib hava”, “Köhnə hava”, “Cütçü”, “Sıçrama” , “Yerli hava” və s. İndi Balakəndə el arasında məşhur Haylaçı Sənəmə aid olduğu deyilən çoxlu hayla dolaşmaqdadır.
S.Qaliboğlu