Dekabrın 25-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq artisti Sona Hacıyevanın (1907-1979) 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşan tədbirdə görkəmli sənətkarın səhnə və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları çıxış edərək Azərbaycanın ilk peşəkar aktrisalarından olan Sona Hacıyevanın sənət yolundan danışıblar. Qeyd edilib ki, Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrında ilk dəfə 1923-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsərində Səlimə rolu ilə səhnəyə çıxıb. Sənətkar ömrünün sonunadək bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında müxtəlif obrazlar yaradıb. Sona xanım Opera və Balet Teatrında da çıxış edərkən yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları maraqla qarşılanıb.
O, dövrünün görkəmli teatr xadimləri - Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifeylərlə eyni səhnəni bölüşüb.
Tədbirdə səhnədə 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyevanın Azərbaycan kino sənətinin inkişafına töhfələrindən də bəhs edilib, aktrisanın “Bəxtiyar”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Səhər” filmlərindəki rolları xatırlanıb.