Dağıstan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru İmpiriat Xalipayeva və Dağıstan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Elmira Caxiyeva AMEA Folklor İnstitutunun qonağı olublar. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu qonaqları salamlayıb, onların türk xalqlarının folklorunun araşdırılmasında xidmətlərini yüksək dəyərləndirib. Görüşdə professor İmpiriat Xalipayevanın baş redaktoru olduğu “Vestnik tyurkskoqo mira” jurnalı haqqında bilgi verilib. Qonaqlar bu sahədə araşdırmaların daha geniş səviyyədə aparılmasının gərəkliyini bildiriblər. Jurnalın növbəti sayında Azərbaycan mədəniyyəti, tarixi, folkloru ilə bağlı araşdırmalardan ibarət materialların hazırlanması məsələləri müzakirə edilib. 
   Sonda AMEA Folklor İnstitutu ilə Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 
   
   S.Qaliboğlu