Mərhum rejissor Şamil Mahmudbəyovun son filmi təqdim olunub
   
   Dekabrın 22-də Nizami Kino Mərkəzində mərhum kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun son filmi olan “Adam” qısametrajlı filminin təqdimat mərasimi keçirildi. 
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan təqdimatda çıxış edən filmin quruluşçu operatoru, Əməkdar incəsənət xadimi Nizami Abbas bildirdi ki, çəkilişləri 1990-cı illərin əvvəlində həyata keçirilməyə başlanan film rejissorun səhhətinin pisləşməsi, daha sonra isə vəfatı və maliyyə vəsaitinin çatışmazlığı səbəbindən yarımçıq qaldı. Uzun müddət fasilədən sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə film "Yeni dalğa" prodüser mərkəzində tamamlanaraq təhvil verildi. Ekran əsəri prodüser mərkəzində filmin quruluşçu operatoru tərəfindən Şamil Mahmudbəyovun rejissor ssenarisi əsasında, rejissorun ideya və fikirlərinə toxunulmadan montaj olunaraq tamamlanıb. 
   Qeyd edildi ki, ssenari müəllifi yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı olan film yazıçı-publisist Balaş Abbaszadənin hekayələrinin motivləri əsasında ekranlaşdırılıb. Filmin prodüseri Rasim Həsənovdur. 
   Film dövrün, zamanın dəyişməsi ilə mənəvi aləmi dağılan insanın faciəsindən bəhs edir. Tənhalıqdan və ictimai quruluşun dəyişməsindən narahat olan, darıxanların həyatla necə mübarizə apardıqlarını özündə əks etdirən filmdə insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından və ümumilikdə insan tənhalığından danışılır. Rolları Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva ifa edirlər.
    
   Lalə