İlin sonunda geriyə boylanıb “bu il nələr oldu, nə ilə yadda qaldı” suallarına cavab verməyin əsl məqamıdır. Düzdür, teatr aləminin öz təqvimi var və payızda başlanıb yayda yekunlaşan sənət mövsümü əslində iki təqvim ilinə təsadüf edir. Bununla belə, 2017-ci ildə ölkənin teatr mühitində olanlara bir nəzər yetirdik. 
   
   Ana teatrımızda...
   
   Başa çatan il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında maraqlı premyeralarla yadda qaldı. C.Cabbarlının "Almaz", Elçinin "Cəhənnəm sakinləri" və uşaqlar üçün C.Rodarinin "Çipollino" tamaşalarının teatrın repertuarında möhkəmlənəcəyini cəsarətlə demək olar. Bu günlərdə teatr M.S.Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında hazırlanmış "Qətibə İnanc" tamaşasını təqdim etdi. Ümidvarıq ki, bu səhnə əsəri də digər uğurlu tamaşaların taleyini təkrar edəcək.
   Teatr avqust ayında rejissor Anar Babalının quruluş verdiyi "İuda" monotamaşası ilə "Varna yayı-2017" beynəlxalq teatr festivalında təmsil olundu. 
   
   Opera və Balet Teatrı: ilin iki premyerası 
   
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu il öz pərəstişkarlarına iki premyera təqdim etdi: ilin əvvəlində A.P.Borodinin "Qıpçaq rəqsləri" baletini, payızda isə C.Cahangirovun "Xanəndənin taleyi" operasını. Hər iki tamaşa daimi repertuarda davamlı yer tutmağa layiqdir. Maraqlıdır ki, musiqisinə və fabulasına görə bizə çox yaxın olan "Qıpçaq rəqsləri" hələ indiyədək teatrın repertuarında olmamışdı, "Xanəndənin taleyi" kimi gözəl səhnə əsəri isə təxminən iyirmi beş il idi ki, səhnəyə çıxmırdı. 
   Ötən illərdə olduğu kimi, teatr bu il də yaradıcılıq mübadiləsinə önəm verərək sənətsevərləri müxtəlif ölkələrin tanınmış vokalçı və balet artistləri ilə yenidən görüşdürdü, eləcə də Özbəkistandan Ramiz Usmanovu, Qazaxıstandan Aygül Niyazovanı dəvət etməklə çağdaş Orta Asiyanın vokal sənəti ilə tanışlıq imkanı yaratdı. 
   
   Səni anlayan nə qədər çoxdursa... 
   
   Postsovet məkanında rus dilinin hələ də ümumişlək dil olması Azərbaycan Dövlət Rus Dram Teatrının bu məkanda əlaqələrini genişləndirməsinə mühüm zəmindir.
   Bu il ərzində teatrın Rusiyadan dəvət edilmiş iki rejissor - Ərşad Ələkbərov və Vladimir Smirnov E.İoneskunun "Mərasim" və N.Nekrasovun "Peterburqlu sələmçi" əsərlərini tamaşaya qoydular. Birinci tamaşada Xalq artisti Fəxrəddin Manafov tam fərqli cəhətdən sevənlərinə təqdim olundusa, teatrsevərlər "Peterburqlu sələmçi"nin vasitəsilə aktyor Yuri Omelçenkonu yenidən kəşf etdilər.
   Oktyabrın sonunda isə teatrın kollektivi Mirzə Fətəlinin "Müsyö Jordan və dərviş Məstəli şah" və Pyotr Qladilinin "Afina axşamları" pyeslərinin tamaşaları ilə Rusiyanın Smolensk, Pskov, Velikiye Luki şəhərlərində çıxış etdi. 
   
   Musiqili teatr: avazınız ucalsın!
   
   Azərbaycan Dövlət Musiqili Teatrı da 2017-ci ili maraqlı tamaşa və yubiley tədbirləri ilə başa vurur. Teatr ilin əvvəlində İranda ənənəvi 35-ci "Fəcr" festivalında Üzeyir bəyin "Ər və arvad" komediyası ilə iştirak etdi. Novruz bayramı günlərində isə teatrın səhnəsində İran aktyorlarının iştirakı ilə “Bəxtəvər” tamaşası təqdim edildi. İyunda kollektiv "Ər və arvad" tamaşası ilə İranda Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı oldu. Bunun ardınca isə tanınmış iranlı dirijor-bəstəkar Berdiya Kiyares teatrın repertuarındakı "Arşın mal alan" və "O olmasın, bu olsun" tamaşalarına dirijorluq edərək seyrçilərdə fərqli təəssürat yaratdı. Gələn ilin yanvarında teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev 36-cı Fəcr festivalında münsif qismində iştirak edəcək. 
   
   Festival və səfər rekordçusu 
   
   Çağdaş teatr məkanımızda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi qədər festival və qastrola çıxan kollektiv yoxdur. Əməkdar artist Şövqü Hüseynovun oynadığı iki əsər - N.V.Qoqolun "Dəlinin qeydləri" və P.Züskindin "Kontrabas" monotamaşalarının sorağı bu il də yaxın-uzaq xaricdən gəldi.
   Teatrın bu il repertuara daxil etdiyi "Cəza" monotamaşası da uğur cığırına qədəm qoyub. L.Nürenin "Mən gəldim, qızlar" tamaşası Qazaxıstanda festivalda iştirak etdi. 
   Qarşılıqlı qastrol səfərlərinə dair müqaviləyə əsasən GTT-nin "Dəcəl keçi" uşaq tamaşası Tbilisi, Vladiqafqaz və Qroznı şəhərlərində oynanıldı, "Tıq-tıq xanım" isə Elistanın (Kalmıkiya) balaca teatrsevərlərinin qonağı oldu. 
   Teatr bu il bir neçə yeni tamaşanı təqdim etdi. Aprel döyüşləri (2016) şəhidlərinin xatirəsinə həsr olunmuş "Yarımçıq qalmış..." (müəlliflər: E.Abramov, L.Bəyim) və "Qulliver cırtdanlar ölkəsində" (C.Sviftin eyniadlı romanı əsasında) tamaşaları ilin yaxşı səhnə əsərləri sırasındadır.
   
   İlk festivalın qaliblərindən biri... Yuğ
   
   Təzə ili yaradıcılıq estetikasındakı dəyişikliklə qarşılayan Yuğ Dövlət Teatrı avqustda TÜRKSOY-un və Qazaxıstanın Magistau valiliyinin birgə təşkilatçılığı ilə keçirilmiş "I Xəzər Sahili Ölkələrinin Beynəlxalq Teatr Festivalı"nda ölkəmizi təmsil etdi. V.Klimenkonun "Medeya. Sekvensiya 001" tamaşası Bakıya mükafatla döndü. Orijinal əsər seçimləri və səhnə yozumları ilə seçilən teatr bu il həm də yazıçı-esseist Təranə Vahidin ilk səhnə təcrübəsi olan "Quş dili" əsərini səhnələşdirdi. 
   
   Kukla teatrı deyib keçməyin... 
   
   Azərbaycan Dövlət Kukla Teatrının repertuarındakı "Ağ və qara", "Zəng" tamaşaları da bu il festivallarda iştirak marafonunu davam etdirdi. Teatrın nəzdindəki "Oyuq" studiyası da beynəlxalq məkanda yenə uğur qazandı, respublikada keçirilən sosial-mədəni aksiyalarda, bayram tədbirlərində fəal iştirak etdi. Teatrın 85-ci mövsümünü uğurla başa vuran kollektiv yenə teatrsevərlərin ilk sənət məkanı kimi onları davamlı olaraq yeni tamaşa və proqramlarla sevindirməkdədir. 
   
   Bölgələrdə nə var, nə yox? 
   
   Teatrdan söz düşəndə bölgə kəlməsi bir az qəribə görünür, sənət ocaqları arasında ayrı-seçkilik təəssüratı yaradır. Lakin, əsl teatr adamları demişkən, əyalət teatrı ifadəsi yoxdur: yalnız teatr var! 
   Bununla belə, paytaxtdan kənardakı teatrlarımız daha çox coğrafi ərazi prinsipi ilə çalışırlar. Məsələn, Gəncədəki dram teatrı ilə kukla teatrı əsasən Gəncəbasar əhlinə mədəni xidmət göstərir, Şəki teatrı ətraf rayonlarda da çıxış edir, mingəçevirlilər həm də aran Qarabağ zonasında tamaşalar oynayırlar. Sumqayıt Bakıya digər şəhərlərdən daha yaxın olduğundan aradabir paytaxtda çıxış edir. Elə bu il teatrın öz repertuarına daxil etdiyi İ.Məlikzadənin "Subaylarınızdan görəsiniz!" komediyası əsasında hazırladığı "Toy olsun!" tamaşası da Bakıda müvəffəqiyyətlə oynanıldı. Yeri gəlmişkən, yeni tamaşaya qoyulmuş T.Özakmanın "Ocaq" pyesini də təkcə paytaxtda deyil, beynəlxalq səviyyəli səhnələrdə də göstərməyə dəyər. 
   2017-ci ildə Mingəçevir teatrı Türkiyədə, Lənkəran teatrı isə İranda tamaşa oynadılar. Azərbaycan teatr mühitindən ayırmaq istəmədiyimiz Dərbənd teatrı da ilk dəfə Orenburqda qastrol tamaşası göstərdi. 

    Peşəkarlar, diqqətli olun, gələn var! 
   
   Bu ilin baharı Azərbaycan teatr aləmi üçün daha bir hadisə ilə əlamətdar oldu. İyun ayının əvvəlində Bakıda II Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirildi. Münsiflər heyəti üzvlərinin də, Milli Dram Teatrında keçirilən final mərhələsinə çıxmış tamaşaları seyr edən digər teatr peşəkarlarının da qənaətinə görə, bu gün xalq teatrlarında oynayan xeyli həvəskar aktyor var ki, onların yeri elə peşəkar səhnədir. Bölgə turlarından üzü bəri hamının bəyəndiyi kollektiv - Xaçmaz Xalq teatrı festivalın I mükafatına layiq görüldü. 
   
   Gələnlər də az olmadı... 
   
   Bu il ölkəmizdə keçirilən müxtəlif mədəni tədbirlər çərçivəsində qonaqlarımız da oldu. Apreldə Qazaxıstanın Qızıl Orda vilayəti günlərində N.Bekejanov adına Dövlət Musiqili Teatrı M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası əsasında hazırladığı "Getməyəcəksən! Dedim, qurtardı, getməyəcəksən..." tamaşasını Bakıda göstərdi. Sankt-Peterburq şəhəri nümayəndə heyəti isə Bakıya rəsmi işçi səfərinə şəhərdəki gənc "Art" Musiqili Dram Teatrının "Peterburq mənzilləri" və "Əlvida, konfransye" tamaşalarını gətirmişdi. 
   Noyabr ayında Ş.Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının Bakıya qastrolu nəinki diqqətdən yayınmadı, üstəlik, iki gün ərzində dünya şöhrətli rejissor Robert Sturuanın quluşunda "Mariya Kallas. Dərs" tamaşası böyük maraqla izlənildi. 
   Arkadi Raykin adına "Satirikon" teatrının dekabrın 22-23-dəki Bakı qastrolu isə böyük rus teatr və bədii qiraət ənənəsini sevənlər üçün əsl Yeni il hədiyyəsi oldu. Bir neçə saat Konstantin Raykini dinləmək, tam fərqli yozumda məhşur "Zorən təbib"ə baxmaq əsl sənət zövqü bəxş etdi. 
   
   * * * 
   Beləcə, oxucumuz olan əziz teatrsevərlər! 2017-ci il hər sahədə olduğu kimi, milli teatr məkanında da öz izini qoydu. Qarşıdan gələn ilin də sənətçilər və seyrçilər üçün sevincli olmasını arzulayırıq! 
   
   Gülcahan Mirməmməd