Ölkəmiz mədəniyyətlərarası dialoqun inkişafında dəyərli rol oynayır
“İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşamışdır”.
Sitat Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik müraciətindəndir.
Dövlət başçısı təbrik müraciətində vurğulayıb ki, 2017-ci ildə Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır. Azərbaycan dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərir.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirak edib və İslam həmrəyliyinin inkişafına, güclənməsinə öz dəyərli töhfəsini verib: “2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunmuşdur və bu il ərzində həm ölkə daxilində, həm xaricdə bir çox önəmli tədbirlər keçirilmişdir. Bildiyiniz kimi, keçən il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdur. Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında öz dəyərli rolunu oynayır və hesab edirəm ki, dünya miqyasında bu sahədə mərkəzlərdən birinə çevrilmişdir”.
Prezident onu da diqqətə çatdırıb ki, ötən il ərzində 20-dən çox xarici səfər edib və xarici tərəfdaşlarla əlaqələrimiz Azərbaycanın dünya miqyasında çox müsbət imicə malik olduğunu bir daha göstərir.
Ölkəmizin bir nömrəli problemindən bəhs edən Prezident bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində nəticələr olmasa da, 2017-ci ildə mövqelərimiz daha da möhkəmlənib. Ermənistan 2016-cı ilin Aprel döyüşlərindən sonra şərtlər irəli sürsə də, sonda qeyd-şərtsiz danışıqlar masasına qayıtdı. “Aprel qələbəmizdən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır.
2017-ci ildə Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra həyat qayıtdı. Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, qarşımızda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır: “2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Davos İqtisadi Forumunun hesablamalarına, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. İqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox artmışdır. Hesab edirəm ki, indiki şərait üçün bu, çox yaxşı nəticədir. Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq”.
2017-ci ildə Azərbaycanın regionlarında ahəngdar inkişafın, quruculuq-abadlıq işlərinin də davam etdiyini deyən dövlət başçısı bildirib ki, ötən il neft-qaz sektorunda tarixi hadisələr baş verib. “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsi həll olunub. Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Gələn il TANAP layihəsinin açılışı gözlənilir. Həmçinin digər tarixi layihə öz həllini tapıb, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib: “Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini də qeyd etsək görərik ki, Azərbaycan dünya miqyasında, - baxmayaraq ki, bizim açıq dənizlərə çıxışımız yoxdur, - strateji nəqliyyat mərkəzinə çevrilir”.
2017-ci ilin bütövlükdə ölkəmiz üçün uğurlu olduğunu deyən Prezident bildirib ki, 2018-ci il də uğurlu olacaq.