Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Wall Street International” jurnalının italyan dilindəki buraxılışında müsahibəsi dərc olunub. “Qara qızıl və insan kapitalı” adı ilə dərc olunmuş müsahibədə səfir jurnalist Romolo Martelloninin Azərbaycan-İtaliya münasibətləri və ölkəmizin inkişaf strategiyası, o cümlədən xarici siyasət istiqamətləri, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin, mədəniyyətlərarası dialoqun inkişafında rolu, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı kimi mövzularda suallarını cavablandırıb.
   Diplomat Azərbaycanda davamlı inkişafın təmin edilməsi üçün atılan addımlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, ölkəmizin transmilli nəqliyyat dəhlizlərinin qurulmasında rolu, “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar, ölkəmizin “Ekspo 2025”ə ev sahibliyi üçün namizədliyini irəli sürməsi, Azərbaycanın multikulturalizm ənənələri, İslam həmrəyliyinə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr barədə də danışıb.