“2017-ci ili ölkəmizin mədəniyyət və turizm sahələri üçün yaddaqalan il hesab etmək olar. Azərbaycanın uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər hər iki sahənin inkişafına öz töhfəsini verdi”.
Bu fikirlər mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət və turizm ictimaiyyətinə ünvanlanan təbrikində vurğulanır.
Nazirin müraciətində 2017-ci ildə Azərbaycan paytaxtının ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət və turizm tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılır. Bildirilir ki, Bakıda dördüncü dəfə reallaşan Dünya Mədəniyyətlərarası Dialoq Forumu bir sıra mühüm təşəbbüs və qlobal çağırışlarla yadda qaldı. Ənənəvi Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi ölkəmizin turizm imkanlarının yüksək səviyyədə təqdimatına şərait yaratdı. Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkası, Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium, eləcə də ənənəvi beynəlxalq musiqi festivalları yola saldığımız ilin zənginliyindən xəbər verir.
Qeyd olunur ki, Azərbaycan turizmi ötən il də mühüm uğurlara imza atıb. Qurulan müasir turizm infrastrukturu, beynəlxalq tədbirlər, elektron viza sisteminin təkmilləşdirilməsi ölkəmizə gələn xarici turistlərin sayında ciddi artıma zəmin yaradıb. 2017-ci ildə həmçinin paytaxtımız dünyanın şopinq festivalı təşkil edilən şəhərlərinin siyahısına daxil olub.
Təbrikdə ötən il Azərbaycan musiqisinin və mətbəx mədəniyyətinin dünya miqyasında təbliği ilə bağlı iki əlamətdar hadisə də vurğulanır. Qeyd edilir ki, mətbəximizin ləziz təamlarından dolmanın və musiqi irsimizin nümunəsi kamançanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması çoxəsrlik mədəniyyətimizin daha bir təntənəsidir. Ölkəmizin əldə etdiyi bu nailiyyətlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gerçəkləşib.
Müraciətdə o da bildirilir ki, xalqımızın malik olduğu mədəni-mənəvi dəyərlərin qorunmasında, beynəlxalq aləmdə layiqincə təbliğ olunmasında mədəniyyət və turizm sahələrində çalışan minlərlə vətəndaşımızın əməyi var: “Yeni il, sözsüz ki, yeni çağırışlar, müasir tələblər deməkdir. İndi biz yeni texnologiyaların imkanlarından maksimum yararlanaraq mədəniyyət və turizm sahələrində xidmətin səviyyəsini daha da yüksəltməliyik. Bundan əlavə, ölkəmizdə və xaricdə yaşayan hər bir azərbaycanlı imkanları çərçivəsində mədəni irsimizin və turizm imkanlarımızın təbliğinə öz töhfəsini verməlidir”.