Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş mərasimdə özbək mətbuatında ölkəmizi təbliğ edən yazarlar, eləcə ikitərəfli mədəni əlaqələrə töhfə verən tədqiqatçı və tərcüməçilər mükafatlandırılıb.
Mərkəzin foyesində “Azərbaycan-Qafqazın mirvarisi” adlı fotosərgi təşkil olunub. Sərgidə Azərbaycanın tarixi abidələri, turizm imkanları, milli mədəni irsimizə dair fotoşəkillər nümayiş etdirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 2017-ci ilin iki ölkənin münasibətləri üçün uğurlu olduğunu qeyd edərək qarşılıqlı səfərlərin reallaşdırıldığını, Daşkənddə hər iki tərəfin iştirakı ilə İslam həmrəyliyi mövzusunda beynəlxalq konfransın keçirildiyini, özbək jurnalistlər üçün Azərbaycana media turunun təşkil edildiyini, habelə Daşkənd və Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi”nin gerçəkləşdiyini, mədəni-ədəbi əlaqələrə dair nəşrlərin, sənədli filmin hazırlandığını diqqətə çatdırıb.
Sonra jurnalistlərə, Azərbaycan ədəbiyyatına dair tərcümələrin müəlliflərinə səfirlik və mədəniyyət mərkəzinin fəxri fərmanları, pul mükafatı təqdim edilib.
2017-ci ildə Azərbaycanı fəal təbliğ edən Özbəkistanın xəbər saytlarının jurnalistləri təltif olunub. Azərbaycan-özbək ədəbi əlaqələrinin araşdırılmasına görə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya mükafatlar verilib.
Azərbaycan ədəbiyyatından “İlin ən yaxşı tərcümə əsərləri” nominasiyasına görə tərcüməçi Rüstəm Cabbarov (Vaqif Sultanlının “Ölüm yuxusu” əsərinin tərcüməsi) və Muxammadəmin Toxliyev (professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti: Xocalı soyqırımı” kitabının tərcüməsi) mükafata layiq görülüb.
Özbəkistanda Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsinin 3 nominasiya üzrə qalibləri də təltif olunub.
Mərasimin bədii proqramında Özbəkistanın “Asl” musiqi qrupu, müğənni Madina Mumtaz Azərbaycan və özbək musiqilərini ifa edib. Mədəniyyət mərkəzinin nəzdindəki “Qafqaz qartalları” rəqs ansamblı Azərbaycan milli rəqslərini ifa edib. Tədbir ziyafətlə başa çatıb. İştirakçılar milli şirniyyatlarımıza, yeməklərə qonaq ediliblər.