Türk Dünyası Yazıçılar və Sənətçilər Fondu (TÜRKSAV) 2017-ci il üçün türk dünyasına xidmət mükafatlarının sahiblərini müəyyən edib.
TÜRKSAV-ın sədri Yehya Akengin Ankarada keçirdiyi mətbuat konfransında laureatların adlarını açıqlayıb. Bildirilib ki, Azərbaycandan yazıçı-publisist Sona Vəliyeva, Türkiyədən Türk Tarix Qurumunun sədri Refik Turan və tarixçi Ahmet Taşağıl, Qazaxıstandan şair Rafael Niyyazbek, Almaniyadan ictimai fəal Musa Serdar Çelebi, Hollandiyadan QHT təmsilçisi Mehmet Tütünçü və başqalarının türk dünyası qarşısında böyük yaradıcılıq işləri və digər xidmətləri münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Bundan başqa, TRT musiqi kanalı və Türkiyənin “Oskar”a namizəd göstərilmiş “Ayla” bədii filmi də mükafata layiq görülüb.
Mükafatlar laureatlara bu ilin mayında TÜRKSAV ilə Tokat Şairlər və Yazıçılar Dərnəyinin birgə təşkilatçılığı, Tokat vilayətinin Niksar kaymakamlığı və bələdiyyəsinin ev sahibliyi ilə keçiriləcək mərasimdə təqdim olunacaq.