Yeni məzmun, ifadə prinsipləri, plastik forma axtarışlarının nəticəsi olaraq XX əsrin əvvəllərində meydana gələn yeni nəsil rəssamlar müasir incəsənətin təməlçiləri hesab edilir. Ötən əsrin 80-ci illərində təşkil edilən respublika və ümumittifaq rəssamlıq sərgilərində novator ruhlu rəssamlar təsviri sənətin müxtəlif sahələrində eksperimentlər aparır, ümumiləşdirilmiş stilizasiyaya, fərdi üslub rəngarəngliyinə və deformasiyaya yer verirdilər. XX əsrin bənzərsiz, novator rəssamları sırasında Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Muradov, Qorxmaz Əfəndiyev, Kamal Əhməd, Müslüm Abbasovun adlarını qeyd edə bilərik.
Azərbaycan təsviri sənətində müasir istiqamətin banisi hesab olunan Cavad Mircavadovun adı çoxlarına tanışdır.
Cavad Mircavadov 19 yanvar 1923-cü ildə Bakıda anadan olmuşdur. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra 1949-1954-cü illərdə Leninqradda yaşayıb-yaratmışdır. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.
Onun əsərlərində xeyir və şərin mübarizəsi, mifik obrazlar, gərgin rəng qamması ilk baxışda tamaşaçını cəlb edir. Rəssam əsərlərindəki divlərlə sanki dövrün eybəcərliklərini saf uşaq nağıllarından götürülmüş personajların timsalında verməklə bir növ improvizasiya etməyə çalışır. Obrazların mahiyyəti, xarakteri sətiraltı ifadələrlə Afrika maskaları altında gizlədilmişdir. “Arena”, “Ehtiras”, “Divin hiyləsi”, “Çılpaq qadın”, “Şaman qadın”, “Uzanan qadın”, “Toy” və s. bu kimi əsərlərindəndir.
Cavad Mircavadovun “Şərq miniatürü mövzusunda improvizasiya” silsiləsinə “Aqillər”, “Lüt-üryan”, “Atlılar”, “Sarayda”, “Günəşli atlı”, həmçinin “Gəzinti” , “Uşaq arabası” əsərləri daxildir. Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan bu silsilədən “Aqillər” adlı rəngkarlıq əsəri rənglərin effektiv uyğunluğu, personajların emosional dolğunluğu ilə seçilir. Cavad Mircavadovun tipikləşdirilmiş obrazları Şərq xalqlarının ortaq mədəniyyətlərinə bir növ improvizasiya cəhdi kimi qiymətləndirilir.
Onun əsərləri müasir cərəyanların xaotik qarışıqlığından çox, milli ənənələrdən qaynaqlanan dərin düşüncənin nəticəsidir. Rəssam öz yaradıcılığında mədəni irsin ayrılmaz hissəsi olan milli xalça ornamentləri, Təbriz miniatürləri, keramika elementlərinə tez-tez müraciət etmiş və bədii üslubunu zənginləşdirmişdir. Çağdaş incəsənətə müxtəlif plastik məzmun gətirmiş, novatorçu yenilikləri ilə müasir forma axtarışında olan rəssam milli koloristik usta kimi ad qazanmışdır. Azərbaycan incəsənətində 1950-1980-ci illərdə mövcud olan “nonkonformistlər” adlanan qrupa daxil olan rəssam yaradıcılığında fərqli inkişaf yolu keçmişdir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan “Sirk”, “Qırçılar”, “Rəqs”, “İstirahət”, “Aylı gecə”, “Köhnə Bakının yanğınsöndürənləri”, “Qız muncuqla”, “Öküzün nallanması”, “Nar ağacının altında”, “Qadın həvəngdəstə ilə” kimi çoxsaylı rəngkarlıq tabloları Cavad Mircavadovun novatorluğunun göstəricisidir. O, əsərləri ilə cəmiyyətdə cərəyan edən müxtəlif hadisələrin gerçəkliyini göstərməyə çalışır, tamaşaçını yalnız həqiqəti dərk etməyə çağırır. İncəsənətin dili ilə improvizasiya cəhdi insanların daxilində qorxu, bədbinlik, özünütənqid kimi hisləri qabardır. Cavad Mircavadovun əsərləri zamanın xarakterini əks etdirir, onun nəbzini tutur və təhlil edir. Müasir forma axtarışında olan rəssam əsərlərində şifahi xalq ədəbiyyatı personajlarına da yer vermişdir. Bu obrazlar vasitəsilə əsərləri güclü enerji ilə əhatələnmiş, bəşəriyyətin ümumi simvoluna çevrilmişdir.
Rəssamın zəngin rəng koloriti ilə seçilən “Aylı gecə” əsəri emosional təsir gücünə malik tabloları sırasındadır. Gecənin qaranlığını aydınladan ay işığı obrazların psixoloji gərginliyini ön plana çəkmişdir. C.Mircavadov tabloda göy, sarı, qırmızı, yaşıl rəng qammasından istifadə etməklə tamaşaçının bütün diqqətini cəlb edir. Zəngin rəng çalarları, kobud yaxmalar onun bütün yaradıcılığına xasdır.
Rəssamın əsərləri təkcə Azərbaycanda deyil, xarici muzeylərdə də sərgilənir. Onun formaca müasir, məzmunca milli elementlərdən istifadəsi incəsənətdə ideoloji prinsipləri qəbul etmədiyinin, yalnız bədii fərdi novatorluğunun göstəricisidir. Azərbaycan rəngkarlığında avanqard baxışı, eksperimentləri və novatorluğu ilə özünəməxsus yer tutan görkəmli sənətkar 1992-ci ildə dünyasını dəyişmişdir.
Həmidə Süleymanova
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı