Azərbaycan Teatr Xadimləri İttifaqı üçün 2017-ci il əlamətdar hadisələrlə yadda qalıb. İttifaq Mədəniyyət və Turizm Nazirliyi, Akademik Milli Dram Teatrı və digər mədəniyyət ocaqları ilə birgə görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsində iştirak edib, səhnə əsərlərinin nümayişinə dəstək olub.
Ötən il Teatr Xadimləri İttifaqı 30-dan çox tədbirə ev sahibliyi edib. Burada mədəniyyət xadimlərimizin xatirə mərasimləri, konfranslar, kitab təqdimatları reallaşdırılıb. Mustafa Mərdanov səhnəsində Rövşən Ağayevin “Sonluğun sonu” monodramının premyerası olub.
Həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının və “Art” Sankt-Peterburq Dövlət Musiqili Teatrının təşkilatçılığı ilə “Peterburq mənzilləri” (Fyodor Koni) və “Əlvida, konferansye” (Qriqori Qorin) səhnə əsərləri tamaşaçılara təqdim edilib.
Əməkdar incəsənət xadimi Zəfər Nemətova həsr olunmuş “Zəfər ömrü” kitabı və Həsən Haqverdiyevin rəsm əsərlərindən ibarət “Davam” rəsm sərgisi sənətsevərlərin ixtiyarına verilib.
* * *
2017-ci il Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üçün də uğurlu il kimi yadda qalıb. İl ərzində tanınmış kino xadimlərinin yubileyləri qeyd olunub, müsabiqələr və digər tədbirlər keçirilib. Görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun adına təqaüd təsis olunub.
İttifaqın elan etdiyi “Yeni nəfəs-1” qısametrajlı ssenari müsabiqəsinin qalibi olan “İkinci güllə” ssenarisi əsasında çəkilən qısametrajlı film təqdim edilib. Həmçinin, “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi keçirilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Dövlət Film Fondunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əməkdar incəsənət xadimləri Əlisəttar Atakişiyev, Arif Nərimanbəyov, Fikrət Əliyev, xalq artistləri Ağasadıq Gəraybəyli və Nodar Şaşıqoğlunun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirilib.