Zəlimxan Yaqub Fəxri xiyabanda anılıb
Yanvarın 9-da Xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişməsinin ikinci ildönümündə Fəxri xiyabandakı məzarı başında anılıb.
Mərasimdə Əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqubun yaxın dostu və ədəbi irsinin araşdırıcısı Musa Nəbioğlu çıxış edərək şairin hələ sağlığında özünə milyonların qəlbində abidə qurduğunu vurğulayıb. O, bu yaxınlarda “Zəlimxan özü var xatirələrdə” adlı kitabın işıq üzü gördüyünü, kitabda Xalq şairinin dünyasını dəyişməsindən sonra onun haqqında yazılmış məqalələrin və ona ithaf olunmuş şeirlərin toplandığını diqqətə çatdırıb.
Millət vəkili Qənirə Paşayeva çıxışında Zəlimxan Yaqubun həm şair, həm də şəxsiyyət kimi böyüklüyündən söz açıb, onun Azərbaycan ədəbiyyatında yeri və rolundan bəhs edib.
Gənc şairlər Qılman İman və Anar Amin Zəlimxan Yaqubun söz-sənət aləmində hər zaman yerinin göründüyünü, onun gənc ədəbi qüvvələrə daim qayğı göstərdiyini vurğulayıb, onunla bağlı xatirələrini bölüşüblər.
Şairin doğulub boya-başa çatdığı Borçalının Kəpənəkçi kəndinin sakinləri adından çıxış edən “Kəpənəkçi” Xeyriyyə Cəmiyyətinin sədri Azər Göyüşov bütövlükdə Borçalı sakinlərinin Zəlimxan Yaqubla hər zaman qürur duyduğunu deyib, bu böyük söz ustadı ilə bağlı gələcəkdə həyata keçirəcəkləri tədbirlərdən danışıb.
Sonda şairin oğlu Bəhlul Yaqubov çıxış edərək anım tədbirində iştirak edənlərə ailələri adından təşəkkürünü bildirib.