Gənc Tamaşaçılar Teatrının uşaqlara Yeni il töhfəsi
   
   Yeni il tətili günlərində teatr-konsert müəssisələrinin uşaqlar üçün təşkil etdiyi şənliklər, təqdim edilən proqram və tamaşalar bu dəfə zənginliyi ilə seçildi. Heydər Əliyev Sarayında “Nağıl qəhrəmanlarının səyahəti”, Akademik Milli Dram Teatrında “Rəqs edən pinqvinlər”, Akademik Opera və Balet Teatrında “Şelkunçik”, Dövlət Rus Dram Teatrında “Möcüzəli çaxnaşma”, Musiqili Teatrda “Qoğalın Yeni il macərası”, Azərbaycan Dövlət Kukla Teatrında “Qış nağılı”, eləcə də Nizami Kino Mərkəzində uşaqlar üçün lentə alınmış “Qış nağılı” filmi balacalara əsl bayram əhvalı yaşatdı. 
   Rəngarəng işıqlarla bəzədilmiş yolkalar, nağıl personajları, şeirlər və maraqlı viktorinalar. Sadaladığımız məqamları saf uşaq dünyasına, onların baxışlarına, düşüncələrinə uyğunlaşdırmaq müasir dövrdə hər bir rejissordan fərdi yanaşma tələb edir. Belə uğurlu yanaşmadan biri də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Elşad Rəhimzadənin Sten Linin “Hörümçək adam” əsəri əsasında hazırladığı eyniadlı tamaşa idi. Yanvarın 7-də - ilin ilk bazar günündə təqdim olunan tamaşa teatrı istirahət məkanı kimi seçən məktəblilərə unudulmaz anlar bəxş etdi. 
   Rejissor “Hörümçək adam” tamaşası ilə, demək olar ki, uşaqların sevdiyi nağıl qəhrəmanlarını bir araya gətirərək xeyirin şər üzərində qələbəsi, insanların həmrəyliyi və yaxşı əməllər sahibi olmaq kimi mətləbləri məktəblilərə təlqin edə bilib. 
   İlk olaraq uşaqlarla görüşə gələn Şaxta baba və Qar qız musiqisi bol, əyləncəli dialoqları ilə balacaları şənləndirdikdən sonra səhnəni nağıl qəhrəmanlarına verdilər. Bir saata yaxın davam edən tamaşa boyu Miki Maus, Ağca, Dəmir adam, şən tısbağalar və digər sevimli nağıl qəhrəmanları səhnədə “xoşbəxtlik ulduzu”nu yolkanın ən uca zirvəsindən asa biləcək qəhrəman axtarışında oldular. Balacaları bu ulduzun bütün insanlara sülh, səadət və xoşbəxtlik gətirəcəyinə inandırmağa çalışdılar. Ulduzu oğurlayan şər qüvvəyə qarşı mübarizə aparanlar səhnədən uşaqlara xeyirxah olmaq, bəd əməllərdən uzaq durmağı tövsiyə edirdilər.
   Tamaşada maraqlı tapıntılardan biri də nağıl personajlarının tamaşaçıların qarşısına yolkanın altında qoyulmuş hədiyyə qutularının içindən çıxaraq daxil olmaları idi. Bu “peydaolma” azyaşlıların xüsusi marağına səbəb oldu. Tamaşa boyu zal ilə aparılan maraqlı dialoqlar, şən personajların yaratdığı xoş ab-hava uşaqları səhnəyə bağlamışdı. Balacalar mənfi niyyətlərini həyata keçirmək üçün onların fikirləri ilə razılaşmayan bədheybətlərin sərgüzəştlərini izləyərək finalda kimin qalib gələcəyini səbirsizliklə gözləyirdilər. 
   Budur, nəhayət, Hörümçək adam gəlir və bütün xoş niyyətlərin həyata keçməsində öz köməyini əsirgəmir. “Xoşbəxtlik ulduzu”nu yolkanın ən uca zirvəsindən asmaqla 2018-ci ildə bütün insanlara sağlamlıq, xoşbəxt günlər gətirəcəyinə əminlik yaradır. 
   Səhnə əsərinin fərqli şəkildə təqdim edilməsi bir daha göstərdi ki, Gənc Tamaşaçılar Teatrının kollektivi hər bir auditoriyanın zövqünü oxşamaq üçün daim yaradıcılıq axtarışındadır. Tamaşadan sonra balacalara təqdim olunan Yeni il hədiyyələri də onların sevincinə sevinc qatdı. 
   Qeyd edək ki, “Hörümçək adam” tamaşasının quruluşçu rəssamı Elşən Sərxanoğludur, səhnə plastikası Ceyhun Dadaşova, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Obrazları əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edirdilər. 
   
   Lalə Azəri