AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun hərb tariximizə dair “Azərbaycan silahları IX-XVII əsrlərdə: təkamül və inkişaf” kitabı nəşr olunub.
Muzeydən bildiriblər ki, kitab IX-XVII əsrlər Azərbaycan silahlarına həsr edilib.
Nəşrdə ilk dəfə arxeoloji, təsviri, yazılı mənbələr əsasında qeyd edilən dövrün Azərbaycan silahları təhlil olunur, onların xarakterik xüsusiyyətləri müəyyənləşdirilir. Eyni zamanda kitabda 300-dən çox fotoşəkil, rəsm, miniatür təsvirləri verilib.
Tədqiqatın müxtəlif mənbələr əsasında aparılması silahların görünüşünü, strukturunu, adlarını müəyyənləşdirməyə imkan verir. Həmçinin beynəlxalq təsnifat sistemlərinə əsasən Azərbaycan silahlarının təsnifatı tərtib edilir.
Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, rəyçiləri tarix elmləri doktorları Şahin Fərzəliyev, Nurulla Əliyev, Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Fərəh Hüseyndir.