Tanınmış arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü İdeal Nərimanovun 90 illiyinə həsr edilən kitab nəşr olunub. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər ki, “Qafqazın və Ön Asiyanın arxeologiyasının problemləri. Neolit-son tunc” kitabında azərbaycanlı və əcnəbi arxeoloqların rus və ingilis dillərində elmi məqalələri toplanıb.
Neolit dövrü Şomutəpə arxeoloji mədəniyyətini və son xalkolit (son eneolit) dövrü Leylatəpə mədəniyyətini kəşf etmiş İ.Nərimanov Qafqazın və Ön Asiyanın məhz göstərilən dövr abidələrinin tədqiqatları ilə məşğul olub. Onun Azərbaycanda arxeoloji abidələrin aşkara çıxarılması, geniş qazıntıların aparılması, ümumiyyətlə, respublikamızda arxeologiya elminin inkişafında müstəsna xidmətləri olub. Kitabda alimin həyatı və elmi fəaliyyətinə həsr olunan yazılar da yer alıb.
Nəşrin redaktoru Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblidir.