Yanvarın 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində rejissor Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” bədii filmi təqdim olundu. 
   Təqdimatda çıxış edən nazirliyin Kinematoqrafiya şöbəsinin aparıcı məsləhətçisi Almaz Sultanzadə iştirakçıları salamladı. Bildirdi ki, çəkilişdə iştirak etmiş rusiyalı kinematoqrafçılar təqdimatla əlaqədar olaraq şəhərimizdə qonaqdırlar. Sonra o, filmin yaradıcı heyətini səhnəyə dəvət etdi. 
   Filmin kreativ prodüseri Yuri Filippov çəkilişlərlə bağlı təəssüratlarını bölüşdü. Bildirdi ki, insan ağrıları üzərində qurulan film onlara böyük hisslər yaşadıb. O, təqdimata dəvətə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. 
   Filmin bəstəkarı Vyaçeslav Şulin, montaj rejissoru Andrey Çeçetkin Bakıya ilk səfərlərindən məmnunluqlarını ifadə etdilər. V.Şulin Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrini yaxşı tanıdığını, bunun üçün də 45 dəqiqəlik filmə musiqinin yazılmasında böyük məsuliyyət hissi yaşadığını dedi. 
   Ekran əsərində baş qəhrəmanları oynayan əməkdar artistlər Gülzar Qurbanova və Bəhruz Vaqifoğlu qeyd etdilər ki, filmdə Qarabağ dərdi, yurd harayı fərqli şəkildə tamaşaçıya çatdırılır. Filmdə hər kəs özünü görə biləcək.
   Filmin rejissoru Rza Rzayev təqdimatın təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. 
   “Geyilməmiş ayaqqabılar” filmində Qarabağ savaşında gənc ərini və körpə qızını itirmiş, tək oğlu ilə Bakıdakı qaçqın yataqxanasına sığınmış və hər gün geriyə - öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayan Azərbaycan qadının ümumiləşmiş obrazı canlandırılıb, onun iztirabları, həyatı əks olunub. Onun Həsrət adlı övladı böyüyür, uzanan müharibəyə son qoymaq üçün Qarabağa yollanır. İki ayağını da itirir. Uşaqkən torpağından didərgin düşəndə ona verilən ayaqqabılarını yurduna qayıdanda geyinmək üçün saxlayır, ancaq qismət olmur. İndi iki ayağını itirən gəncin geyilməmiş ayaqqabısının bir cütü də artır... 
   Filmin ssenari müəllifi və baş prodüseri Rza Rzayev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Məhərrəm Əliyev, bəstəkarı Vyaçeslav Şulin, prodüseri Mahir Canasdır. Rolları Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu, Dəniz Həsənov və başqaları oynayır. 
   
   Lalə