Xəbər verdiyimiz kimi, xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar paytaxtın mədəniyyət ocaqlarında Milli Qəhrəmanlar haqqında sənədli filmlər nümayiş olunur.
Yanvarın 16-da Binəqədi rayon Mərkəzi mədəniyyət evində Milli Qəhrəmanlar Oqtay Güləliyev və Pəhləvan Fərzəliyevin həyat və döyüş yolundan bəhs edən “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” adlı sənədli filmlər göstərilib. Ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.
Əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mədəniyyət evinin direktoru Şahin Həsənov çıxış edərək ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələrdən, igid oğullarımızın respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışıb.
Məlumat verilib ki, Oqtay Güləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. Polis əməkdaşı kimi erməni işğalçılarına qarşı əməliyyatlarda iştirak edib. 1992-ci il oktyabrın 11-də Hoçaz yüksəkliyində gedən döyüşdə qəhrəmancasına həlak olub.
Pəhləvan Fərzəliyev 1958-ci il sentyabrın 27-də Füzuli rayonunun Dilağarda kəndində doğulub. Polis zabiti olub, doğma rayonunun müdafiəsində şücaət göstərib. 1992-ci il aprelin 11-də Qacar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Hər iki igid ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Filmlərin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından ekran əsərlərinin əhəmiyyətindən danışıb.
Sonra “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” sənədli filmləri nümayiş olunub.