Yanvarın 12-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının bir qrup aktyoru və teatrın nəzdindəki «Oyuq» teatr-studiyasının yetirmələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsinə baş çəkiblər. 
   Böyüməkdə olan nəslin mənəvi-estetik zövqünün formalaşması missiyasını yerinə yetirən teatr sosial layihələrdə iştirakı vacib saydığından belə məkanların sakinlərinin də görüşünə gedir. İndiyədək Bakının digər xüsusi tipli mərkəzləri və uşaq evlərində keçirilmiş tədbirlərin davamı olan bu görüş də yaddaqalan olub. Teatrın repertuarındakı tamaşalardan səhnəciklər göstərən aktyorlar Rəhilə İbadova, İqbal Əliyev, Cavid Telman və başqalarının çıxışları alqışlarla qarşılanıb.
   «Oyuq» teatr-studiyasının yetirmələri Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Selcan Rzayeva, Ağa Şeydayev və Fərəh Hüseynovanın nəğməli-rəqsli ifaları yaşıdlarının çox xoşuna gəlib. Səhhəti imkan verən müəssisə sakinləri qonaqlarına qoşularaq rəqs edib, xeyli şənləniblər. 
   Bu tədbir teatrın irəli sürdüyü, fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına xidmət edən «Əlimdən tut» adlı sosial-maarifləndirici aksiyanın davamıdır. Həqiqətən də, əgər əlindən tutan varsa, səhhətin imkan verməsə belə, hisslərini bəyan edə biləcəksən. Üstəlik, bu xoş hissləri sənə bəxş edənləri uzun müddət unutmayacaqsan. 
   
   G.Mirməmməd