Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Respublikanın Xalq artisti, görkəmli rəqs ustası, Prezident təqaüdçüsü Mirməmməd Mircəfər oğlu Məmmədov (Böyükağa Məmmədov) 2018-ci il yanvarın 17-də vəfat etmişdir.
Mirməmməd Mircəfər oğlu Məmmədov 1927-ci il yanvarın 23-də Bakı şəhərində anadan olmuşdur. 1946-cı ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında rəqqas kimi sənət fəaliyyətinə başlamışdır. Qısa müddətdə öz məharəti ilə xalqın sevgi və rəğbətini qazanan gənc rəqqas həmin ansamblda əvvəlcə solist, sonralar baletmeyster-məşqçi vəzifəsində çalışmışdır.
Rəqqasın səhnə fəaliyyəti 40 il ərzində uğurla davam etmişdir. O, Almaniya, Türkiyə, Çin, ABŞ, Braziliya, İtaliya, Mərakeş, İran, Livan, İsrail və bir sıra başqa ölkələrdə qastrol səfərlərində Azərbaycan rəqslərini məharətlə ifa etmiş, milli rəqs sənətimizi sevdirmişdir.
Mirməmməd Məmmədov bütün dünyada tanınmış “Cücələrim” uşaq rəqs kollektivinin yaradıcılarından biri olmuşdur. Milli rəqs sənətinin yüksək ənənələri əsasında tərbiyələnmiş ustad rəqqas və pedaqoq bütün səy və bacarığını gənc istedadların yeni nəslinin yetişdirilməsinə sərf etmişdir. “Cücələrim” rəqs ansamblı ilə birlikdə o, Fransa, Rumıniya, Polşa, Yuqoslaviya, Macarıstan, Rusiya, Ukrayna, Gürcüstanda keçirilən folklor festivallarının iştirakçısı olmuş, Azərbaycan rəqs sənətini uğurla təmsil etmişdir.
Sənətkar uzun illər Azərbaycanda keçirilən kütləvi xalq bayramlarında və bir sıra məsul hökumət tədbirlərində iştirakçı olmuş, bu tədbirlərdə kütləvi xalq rəqslərinə gözəl quruluşlar vermişdir.
1955-ci ildə milli mədəniyyətimiz sahəsindəki uğurlarına görə respublikanın Əməkdar artisti, 1965-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsü idi.
Görkəmli rəqs ustası, istedadlı baletmeyster, gözəl insan Mirməmməd Mircəfər oğlu Məmmədovun (Böyükağa Məmmədovun) əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi