Azərbaycan
   
   20 yanvar 1882 - Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində anadan olub.
   20 yanvar 1928 - Akademik, etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov Qazax rayonunun Şıxlı kəndində doğulub. Azərbaycan etnoqrafiyası, musiqi mədəniyyəti, respublikamızda arxeologiya elminin inkişafı ilə bağlı əsərlərin müəllifidir.
   20 yanvar 1940 - Teatr rejissoru, Xalq artisti Cənnət Əlibəy qızı Səlimova anadan olub. Rus Dram, Bakı Kamera, Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar teatrlarında tamaşalara quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur. "Şöhrət" ordeni ilə təltif edilib.
   20 yanvar 1946 - Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər (Tahir İsmayıl oğlu Əkbərov) anadan olub. Simfonik və kamera əsərlərinin, populyar mahnıların (“Dərdin alım”, “Heç küsməyin yeridirmi?”) müəllifidir.
   20 yanvar 1977 - Şair, publisist Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 -1977) vəfat edib. Uşaq-gənclər üçün çoxsaylı əsərlərin müəllifidir. Kitabları: “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında”, “Bizim dünya” və s.
   20 yanvar 2010 - Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar abidə kompleksinin açılışı olub. Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
   
   21 yanvar 1907 - Tanınmış tarixçi və iqtisadçı, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907 - 22.1.1992) Bakının Əmircan kəndində doğulub. Azərbaycan xalqının etnogenezinə dair tədqiqat əsərlərinin müəllifidir.
   21 yanvar 1950 - Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (1950 - 9.1.2016) Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Biz bir eşqin butasıyıq”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.
   21 yanvar 1924 - Məşhur bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova (1924 - 26.7.2013) Şəkidə doğulub. Azərbaycanda opera ("Gəlin qayası") yazmış ilk qadın bəstəkardır. “Ev bizim, sirr bizim" operettasının, populyar mahnıların ("Mehriban olaq", "Nədən oldu" və s.), romansların müəllifidir.
   21 yanvar 2000 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərov (22.2.1924 - 2000) vəfat edib. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. operettalar, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.
   21 yanvar 2008 - Azərbaycan vokal sənətinin tanınmış nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar İmanov (17.4.1929 - 2008) vəfat edib. Uzun illər Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.
   
   22 yanvar 1892 - Görkəmli boyakar və qrafika ustası Bəhruz Kəngərli (1892-1922) Naxçıvanda anadan olub. Əsərlərində Vətənin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı” və s.) təsvir edib. Kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri muzeylərdə sərgilənir.
   22 yanvar 1926 - Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926-1995) anadan olub. 
   22 yanvar 1944 - Xalq artisti Hacı Məcid oğlu İsmayılov Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışır. “Ad günü”, “Bəyin oğurlanması”, “Həm ziyarət, həm ticarət” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
   
   23 yanvar 1878 - Əməkdar artist, teatr xadimi, rejissor Yunis Nuri (Yunis Hacı Süleyman oğlu Süleymanov; 1878 -5.1.1950) İrəvanda doğulub. İrəvan Azərbaycan teatrının yaradıcılarından biri olub.
   23 yanvar 1927 - Xalq artisti, tanınmış rəqqas Böyükağa (Mirməmməd) Mircəfər oğlu Məmmədov (1927 - 17.1.2017) anadan olub. Filarmoniyanın Mahnı və Rəqs Ansamblının solisti olub. “Cücələrim” rəqs ansamblına rəhbərlik edib. Milli rəqs sənətimizin inkişafında xidmətlər göstərib.
   23 yanvar 1945 - SSRİ Xalq Komissarları Soveti Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar qəbul edib. 1925-ci ildə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyəti yaranmış, 1929-cu ildə onun əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdi. 1932-ci ildə institutun bazasında SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi, 1936-cı ildə qurum SSRİ EA-nın Azərbaycan Filialına çevrildi. Filialın bazasında Azərbaycan Elmlər Akademiyası yaradıldı. 
   23 yanvar 1946 - Əməkdar incəsənət xadimi, bəstəkar Həsənağa Əfrasiyab oğlu Adıgözəlzadə anadan olub.
   23 yanvar 1949 - Tarzən, Əməkdar artist, professor Həmid Şamil oğlu Vəkilov Bakıda anadan olub.
   23 yanvar 1951 - Kamança ifaçısı, sənətşünaslıq doktoru, professor Rafiq Hüseyn oğlu İmrani anadan olub. 
   
   Dünya
   
   20 yanvar 1586 - Alman bəstəkarı İohann German Şteyn (Johann Hermann Schein, 1586-1630) anadan olub.
   20 yanvar 1804 - Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue, 1804-1857) anadan olub. “Parisin sirləri”, “Matilda”, “Məhəbbət uşaqları”, “Əbədi Jid” və s. romanların müəllifidir.
   20 yanvar 1884 - Rus yazıçısı Yevgeni Zamyatin (1884-1937) anadan olub. Sosial-fantastik mövzulu “Biz” romanı ilə məşhurlaşıb.
   20 yanvar 1920 - İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 1920 - 31.10.1993) anadan olub. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.
   20 yanvar 1926 - Amerika aktrisası, “Oskar” mükafatçısı Patrisiya Nil (Patricia Neal, 1926-2010) anadan olub.
   
   21 yanvar 1861 - Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies, 1861-1938) anadan olub. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.
   21 yanvar 1905 - Polyak əsilli sovet yazıçı-dramaturqu, şair, ssenarist Vanda Lvovna Vasilyevskaya (1905-1964) anadan olub. “Sular üzərində nəğmə” trilogiyası, “Vətən”, “Çaylar yanır” romanlarının müəllifidir.
   21 yanvar 1906 - SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Moiseyev (1906-2007) anadan olub.
   
   22 yanvar 1561 - İngilis filosofu, tarixçi, şair Frensis Bekon (Francis Bacon, 1561-1626) anadan olub.
   22 yanvar 1729 - Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing, 1729-1781) anadan olub.
   22 yanvar 1788 - İngilis romantik şairi Corc Qordon Bayron (George Gordon Byron, 1788 - 19.4.1824) anadan olub.
   22 yanvar 1898 - Rus rejissoru, kino nəzəriyyəçisi və pedaqoq Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub. Məşhur filmləri: “Oktyabr”, “Aleksandr Nevski”, “İvan Qroznı”.
   
   23 yanvar 1783 - Fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle - Stendhal, 1783-1842) anadan olub. “Qara və qırmızı”, “Parm sakini” və s. romanların müəllifidir.
   23 yanvar 1832 - Fransız rəssamı, impressionizmin banilərindən biri Eduard Mane (Edouard Manet, 1832-1883) anadan olub. 
   23 yanvar 1903 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Aleksandrov (Mormonenko; 1903-1983) anadan olub. Sovet kinosunda ilk musiqili komediyaları (“Şən uşaqlar”, “Volqa-Volqa”) çəkib.
   23 yanvar 1930 - Sent-Lusiya (Şimali və Cənubi Amerika arasında, Karib dənizində kiçik ada-dövlət) şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992) Derek Elton Uolkot (Derek Alton Walcott; 1930 - 17.3.2017) anadan olub. 70-ci illərdə ABŞ-a köçüb, Boston Universitetinin professoru olub. 
   23 yanvar 1989 - Məşhur ispan sürrealist rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech; 11.5.1904 - 1989) vəfat edib. 
   
   Hazırladı: Vüqar Orxan