Tvinninq layihəsi üzrə növbəti təlim başlayıb
   
   Yanvarın 23-də Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində mədəniyyət sektoru işçiləri üçün növbəti təlim başlanıb.    
   Tədbiri Tvinninq layihəsinin Azərbaycandakı koordinatoru Alessandro Bianki açaraq təlimin mövzusu barədə məlumat verib.
   Bildirilib ki, dörd gün davam edəcək treninqdə İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr haqqında bilik və təcrübələr paylaşılacaq. 
   Treninqi İtaliyanın Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyinin işçisi, layihə dəyərləndirməsi və mədəniyyət siyasəti üzrə ekspert Marko Marinucci aparır. Təlimdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Teatr Təlim Mərkəzi, İstiqlal Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyindən, Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr iştirak edir.
   Təlimin sonuncu günündə iştirakçılar qruplar şəklində müəyyən tapşırıqları yerinə yetirəcəklər. Təlim 26 yanvarda iştirakçılara sertifikatların təqdim olunması ilə yekunlaşacaq.
   Qeyd edək ki, mədəniyyət sektorunun inkişafı üzrə Tvinninq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və iki ildir ki, fəaliyyət göstərir. Layihə bu ilin aprel ayında bitəcək.