Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yanvarın 9-dan 17-dək davam edən “Monotamaşalar paradı”nda ümumilikdə altı səhnə əsəri təqdim olundu.
Əslində, bu layihəni «Bir teatrın 6 aktyoru» festivalı da adlandırmaq olar. Teatrın kiçik səhnəsində 6 sənət fədaisi tamaşaçılar qarşısında imtahan verdi.
“Monotamaşalar paradı”nda ilk olaraq Əməkdar artist, qocaman aktrisa Lətifə Əliyevanın təqdimatında Z.Ziyadoğlunun «Vurğuna vurğun gəlin», ertəsi gün aktrisa Mehriban Abdullayevanın ifasında U.Luisin «İstədiyim kimi yaşamışam» tamaşaları oynanıldı.
Əməkdar artist Şövqi Hüseynovun ifasında indiyədək müxtəlif festivalların mükafatını qazanan N.V.Qoqolun «Dəlinin qeydləri» isə yanvarın 11-də təqdim edildi.
Yanvarın 12-də yenə də xanımlar səhnəni ələ aldılar. Əməkdar artist Kəmalə Hüseynova T.Vəliyevanın «Cəza» əsərini oynadı. Ayın 16-da Küşvər Şərifova R.Ağayevin «Sonluğun sonu» tamaşasında səhnəyə çıxdı.
Son olaraq yanvarın 17-də Əməkdar artist Nofəl Vəliyev F.Dostoyevskinin «İdiot» romanı əsasında hazırlanmış monotamaşanı təqdim etdi.
Cari repertuarında bu qədər fərqli monotamaşa olan teatrın layihəsinə sənətsevərlərin və teatr ictimaiyyətinin göstərdiyi maraq anlaşılandır. Üstəlik, bir aktyorun teatrı kimi anlaşılan monotamaşa ifaçının kollektiv tamaşada göstərə bilmədiyi cəhətlərini, improvizə bacarıqlarını nümayiş etdirməyə imkan verir.
Monotamaşaların göstərildiyi günlərdə teatrın “rəy kitabı”nda yer alan tamaşaçı fikirləri də buna sübutdur.
«Vurğuna vurğun gəlin» tamaşası haqqında: «S.Vurğuna olan beş məhəbbətimiz on oldu...»
«İstədiyim kimi yaşamışam» tamaşası haqqında: «Çox gözəl bir tamaşaya baxdığım üçün rejissora da, ifaçıya da təşəkkür edirəm».
«Dəlinin qeydləri» barədə: «Bu ifa qarşısında yalnız susulur».
«Cəza»nı izlədikdən sonra: «Tamaşanın sehrindən aydın bir söz deməyə çətinlik çəkirəm».
«İdiot» monotamaşası barədə: «Monotamaşa bir nəfərin oyunudur. Amma mən insanlarla dolu səhnə görürəm»...
Ümidvarıq ki, Gənc Tamaşaçılar Teatrının «Monotamaşalar paradı» gələcəkdə öz çərçivəsini genişləndirəcək və digər teatrlar da bu layihəyə qoşulacaqlar. Üstəlik, yaxın teatr keçmişimizdə monotamaşa festivalı keçirmək ənənəsi də olub....
Gülcahan