Qanlı Yanvar hadisələrindən 28 il keçdi. 1990-cı ilin 20 yanvarı Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, azadlıq uğrunda mübarizəsinin, yenilməz iradəsinin rəmzinə çevrilib. 28 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından illər ötsə də, xalqımız o dəhşətli günlərin ağrı-acısını heç vaxt unutmayacaq. 20 Yanvar tariximizdə yalnız ağrı-acı ilə xatırlanacaq gün deyil, xalqımızın şan və şərəf günüdür. Həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.
Yanvarın 20-də şəhidlərimizin əbədiyyət məkanı ölkə rəhbərliyi, dövlət rəsmiləri, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini tərəfindən ziyarət olundu. Mədəniyyət və Turizm Nazirliyinin kollektivi də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə tər çiçək dəstələri düzüb.
Anım mərasimində nazirliyin strukturuna daxil olan və Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisə və təşkilatlarının əməkdaşları, turizm ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
20 Yanvar hadisəsi şəhidlərin qanı ilə yazılsa da, Azərbaycanın şanlı tarix salnaməsidir. Dövlətimizin müstəqilliyi naminə həyatlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirələri Azərbaycan xalqı tərəfindən daim yad olunacaq!