Azərbaycan
24 yanvar 1905 - Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. BDU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. «Azərbaycan ədəbiyyatı» kitabının müəllifidir.
24 yanvar 1909 - Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan Əşrəf Həsən oğlu Həsənov (1909 - 9.8.1983) anadan olub.
24 yanvar 1922 - Aşıq Şakir (Şakir Şahverdi oğlu Hacıyev; 1922 - 10.4.1979) anadan olub.
24 yanvar 1941 - Xalq artisti, məşhur qarmon ifaçısı Aftandil Eynulla oğlu İsrafilov anadan olub.
24 yanvar 1961 - Əməkdar artist Sabir Novruz oğlu Məmmədov Qazax rayonunun Poylu kəndində doğulub. 1989-cu ildən Akademik Milli Dram Teatrında çalışır.
25 yanvar 1984 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (4.8.1915, Gəncə - 1984) vəfat edib. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.
25 yanvar 1887 - Yazıçı, ədəbiyyatşünas, pedaqoq Seyid Hüseyn (Hüseyn Mirkazım oğlu Sadıqzadə; 1887 - 6.1.1938) Bakıda doğulub. Bu gün də bədii təravətini saxlayan maraqlı hekayələrin müəllifidir. Repressiya qurbanı olub.
25 yanvar 2001 - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Avropa Şurasına üzvlük mədəniyyətimizin təbliği üçün də əlavə imkanlar açdı. Azərbaycan təşkilatın mədəniyyətlə bağlı proqramlarında iştirak edir.
26 yanvar 1863 - Maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib, 1906-cı ildə seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. 1920-ci ilin mayında Gəncədə antisovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.
26 yanvar 1942 - Filologiya elmləri doktoru, professor, tanınmış jurnalist Cahangir Əbdüləli oğlu Məmmədli Ağdamın Novruzlu kəndində doğulub. 50 ilə yaxındır BDU-nun Jurnalistika fakültəsində pedaqoji fəaliyyət göstərir. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri olub.
26 yanvar 1971 - Xalq artisti, müğənni Aygün Kazımova Bakıda anadan olub.
26 yanvar 2006 - Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934 - 2006) vəfat edib. Dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini təmsil edib, mahnılar (“Gəl, inad etmə”, “Dağlar başı” və s.) bəstələyib. Muğam Teatrının yaradıcısı və 20 ilə yaxın bədii rəhbəri olub. “Şöhrət” ordeni ilə təltif olunub.
Dünya
24 yanvar 1732 - Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.
24 yanvar 1776 - Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. Əsərləri: “Şeytan eliksiri”, “Birələr hökmdarı” romanları, “Qızıl qazan” povesti, “Şelkunçik (findıqqıran - red.) və siçanlar kralı” nağılı (P.İ.Çaykovski nağıl əsasında balet yazıb).
24 yanvar 1848 - Rus rəssamı Vasili İvanoviç Surikov (1848-1916) anadan olub. Əsərləri: “Strelets edamının səhəri”, “Suvorovun Alp dağlarını aşması”, “Stepan Razin” və s.
24 yanvar 1901 - SSRİ Xalq artisti, görkəmli kinorejissor Mixail Romm (1901-1971) anadan olub. “Lenin Oktyabrda” bədii, “Adi faşizm” sənədli filmlərinin müəllifidir.
25 yanvar 1759 - Şotland şairi Robert Berns (Robert Burns; 1759 - 21.7.1796) anadan olub. Bernsin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram günü kimi qeyd olunur.
25 yanvar 1832 - Rus rəssamı, peyzaj ustası İvan Şişkin (1832-1898) anadan olub. Məşhur əsərləri: “Ağcaqayın meşəsində səhər”, “Çovdar tarlası” və s.
25 yanvar 1874 - İngilis yazıçısı Uilyam Somerset Moem (William Somerset Maugham, 1874-1965) anadan olub. “Ehtiraslar yükü”, “Ay və quruş” romanlarının, “Teatr”, “Ülgücün tiyəsi” povestlərinin müəllifidir.
25 yanvar 1882 - İngilis yazıçısı Virciniya Vulf (Virginia Woolf, 1882-1941) anadan olub. Romanları: “Missis Delloey”, “Mayaka doğru”, “Orlando” və s.
25 yanvar 1938 - Məşhur rus şairi və müəllif mahnıları ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938 - 25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib.
26 yanvar 1921 - SSRİ Xalq artisti, kinorejissor Yuri Ozerov (1921-2001) anadan olub. Böyük Vətən müharibəsinə həsr olunmuş kinoepopeyaların (“Azadlıq”, “Moskva uğrunda döyüşlər”, “Stalinqrad”) müəllifidir.
26 yanvar 1925 - Amerika aktyoru, rejissor Pol Nyuman (Paul Leonard Newman: 1925-2008) anadan olub. Filmləri: “Fırıldaqçı”, “Soyuqqanlı Lük”, “Pulların rəngi” (“Oskar” mükafatı, 1986) və s.
Hazırladı: Vüqar Orxan