Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk dəfə İndoneziya Respublikasının İndoneziya Universitetində (Cakarta vilayəti, Depok şəhəri) Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb.
ADU-dan bildirilib ki, universitet mərkəzi maddi-texniki baza və tədris materialları ilə təchiz edəcək. ADU-nun Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri, professor Həbib Zərbəliyev İndoneziyaya səfəri zamanı tədris ocağının rəhbərliyi ilə bu xüsusda görüşlər keçirib.
ADU və İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalamaq haqqında razılıq əldə olunub. Sənəddə iki universitet arasında əməkdaşlığın yaradılması, tələbə-müəllim mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılması əksini tapacaq.
Səfər çərçivəsində H.Zərbəliyev Pacacaran Universitetinin rektoru, professor Tri Hanqqono Ahmad və bu ali təhsil ocağının inzibati heyəti ilə də görüşüb. Görüşdə universitetlər arasında əməkdaşlıq memorandumu təsdiqlənib. Əməkdaşlıq çərçivəsində Pacacaran Universiteti burada Azərbaycan mədəniyyəti günlərini keçirməyi də təklif edib.